Şəfəq Cəfərova: Texnologiya milli arxitekturanı kölgədə qoymamalıdır
Naxçıvan, 22 may, AZƏRTAC
Müasir şəhərsalma yalnız binaların inşası və yolların salınması ilə məhdudlaşmır. Bu proses bu gün texnologiya, ekologiya və insan amilinin harmoniyası kimi qəbul olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalındakı panel müzakirədə səsləndirilib.
Paneldə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Şəfəq Cəfərova “Ağıllı şəhərlərdə texnologiya və insan harmoniyası” mövzusunda çıxış edib. O bildirib ki, ağıllı şəhər və kəndlər qurularkən tarixi-memarlıq kimliyi, milli irs və insan mərkəzli yanaşma əsas götürülməlidir. Ş.Cəfərovanın sözlərinə görə, texnologiya milli arxitekturanı kölgədə qoymamalı, əksinə, tarixi dəyərlərin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə xidmət etməlidir.
Müzakirələr zamanı rəqəmsal xəritəçəkmə, coğrafi informasiya sistemləri, böyük verilənlər (Big Data), yaşıllıqların ağıllı idarə olunması, tullantıların utilizasiyası və alternativ enerji inteqrasiyalı memarlıq həllərinin əhəmiyyəti də vurğulanıb. Şəfəq Cəfərova gəncləri və startapçıları şəhər və kəndlərin daha yaşıl, funksional və insanyönümlü inkişafı üçün innovativ ideyalar təqdim etməyə çağırıb.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) günlərində və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçirilir.
Müxbir- Nail Əsgərov