Səfir: Belarus ilə Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü 1,5 dəfə artıb
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan ilə birgə Ağdamda aqroparkın yaradılması istiqamətində işlər davam edir. Biz Azərbaycanın hökumətinin “Böyük Qayıdış” Proqramına Qarabağda birgə müəssisə yaratmaqla iqtisadiyyata və əhalinin işlə təmin olunmasına dəstək verəcəyik. Aqroparkda kənd təsərrüfatı məhsullarının istehsalı nəzərdə tutulub.
Bu sözləri Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç AZƏRTAC-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək WUF13-də də Belarus yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq.
“İyun ayının 2-3-də isə Minskdə Azərbaycan ilə Belarus arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Dövlətlərimiz arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsindədir. Dost dövlətlər kimi ənənəvi olaraq yüksəksəviyyəli əməkdaşlığı qoruyub saxlayırıq. Bu əlaqələr ildən-ilə genişlənir, ticarət-iqtisadi əməkdaşlıq isə davamlı müsbət dinamika nümayiş etdirir. Belə ki, Azərbaycan ilə Belarus arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü 2025-ci il ərzində 1,5 dəfə artıb. Belarus xüsusilə süd məhsullarının tədarükü və emalı sahəsində əməkdaşlıq məsələlərində maraqlıdır. 2025-ci ildə Belarusun Azərbaycana birbaşa investisiyalarının həcmi 7,922 milyon dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 5,618 milyon dollar və ya 3,4 dəfə artıb. Bu gün faktiki olaraq biz 500 adda məhsul üzrə ticarət əlaqələri qurmuşuq və qarşılıqlı ticarətin inkişafında Belarus Universal Əmtəə Birjasının (BUƏB) mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Bu gün peşəkar çevrədə keçirilən görüş birja ticarətinin aktual məsələlərini müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, birjanın fəaliyyətindəki innovasiyalar və qanunvericilikdəki dəyişikliklərlə tanış olmaq üçün yaxşı imkandır”, - deyə Dmitri Pineviç qeyd edib.
Diplomat vurğulayıb ki, hazırda dünyada baş verən turbulentlik həm xarici, həm də daxili iqtisadi proseslərə təsir göstərir: “Belə şəraitdə möhkəm işgüzar əlaqələrin qurulması və uzunmüddətli əməkdaşlığa yönəlmək xüsusilə əhəmiyyətlidir. Qarşılıqlı etimad iki ölkənin biznes strukturları, arasında faydalı və şəffaf əməkdaşlıq mexanizmləri sayəsində yaranır ki, BUƏB də belə bir mexanizmə çevrilməlidir. Birja biznes üçün mühüm əməkdaşlıq platforması olmalıdır”.