Səfir: İran və “altılıq” ölkələri arasında sazişin imzalanması regionun inkişafına töhfə verəcək
Bakı, 15 iyul, AZƏRTAC
İran və “altılıq” ölkələri arasında sazişin imzalanması regionun inkişafına töhfə verəcək.
Bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, İran ilə “altılıq” ölkələri arasında sazişin imzalanması bütün regionun qələbəsidir. Bu razılaşma sübut etdi ki, müzakirələr aparmaqla müəyyən işləri həll etmək mümkündür.
Möhsün Pakayin deyib ki, əsas hədəflərdən biri İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması idi. Artıq rəsmi Tehran buna nail oldu. Saziş icra olunduqdan sonra bütün sanksiyalar ləğv ediləcək. Bu qələbə yalnız İranın deyil, İranı sevən digər ölkələrin də qələbəsidir. Bu, həm də İranla qonşu ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan verəcək.
Azərbaycan-İran ikitərəfli münasibətlərindən danışan diplomat əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, son illər iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir.
Bildirilib ki, İran TAP VƏ TANAP-a qoşulmaqda maraqlıdır. Hazırda İranın Neft Nazirliyində və Milli Neft Şirkətində bu məsələyə baxılır. Həmçinin SOCAR ilə danışıqlar aparılır. İlin sonunadək Tehranda iki ölkə arasında müştərək iqtisadi komissiyanın 10-cu iclasının keçirilməsi nəzərdə tutulur.
Səfir İran ilə Azərbaycan arasında neft-qaz sahəsində birgə layihələrlə bağlı müzakirələrin aparıldığını da deyib.