ELM VƏ TƏHSİL
SƏFİR STİVEN MƏN İQTİSAD UNİVERSİTETİNDƏ MÜHAZİRƏ OXUMUŞDUR
ABŞ Prezidentinin Xəzər hövzəsinin energetika diplomatiyası xüsusi nümayəndəsi, səfir Stiven Mən Dövlət departamentinin təşəbbüsü ilə keçirilən Beynəlxalq təhsil həftəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində regionun siyasi və iqtisadi inkişafı məsələlərinə həsr olunmuş mühazirə oxumuşdur. Mühazirədə əvvəl universitetin rektoru, MEA-nın akademiki Əli Abbasov qonağın diplomatik fəaliyyətinin əsas mərhələləri barədə məlumat vermişdir.
Sonra Stiven Mən çıxış edərək, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Xəzər hövzəsi ölkələrinə münasibətdə ABŞ-ın siyasətini açıqlamışdır. Regionun coğrafi-siyasi vəziyyəti və 85 milyard barrel həcmində neft və 6 trilyon kubmetr həcmində qaz ehtiyatlarına malik olması ABŞ-ın burada xarici siyasət fəaliyyətini genişləndirməsi üçün əsas meyarlardır. Səfir Prezident Heydər Əliyevin Xəzər dənizinin Azərbaycan sektorundakı enerji ehtiyatlarının işlənilməsi sahəsində siyasətini yüksək qiymətləndirmişdir.
Diplomat Xəzər hövzəsi ölkələrində iqtisadi inkişafa mane olan əsas əngəllər arasında investisiyalardan, o cümlədən təhsil və əhiyyə sahələrində investisiyalardan səmərəsiz istifadə edilməsini və kifayət qədər qanunvericilik bazasının olmamasını göstərmişdir. O vurğulamışdır ki, regionun zəngin ehtiyatları yerli biznesmenlərin sahibkarlıq meylini zəiflətməməli, onlar qeyri-neft sektorunu inkişaf etdirməyə çalışmalıdırlar.
Mühazirədən sonra Stiven Mən tələbələrin suallarına cavab vermişdir.