ŞƏHİD ANASI AQİBƏT SƏMƏDOVANIN ÇIXIŞI
Əziz İlham müəllim!
Hörmətli mərasim iştirakçıları!
Biz bu gün ən xoşbəxt günlərimizdən birini yaşayırıq. Çünki dahi rəhbərimiz Heydər Əliyevin tapşırığı ilə tikilmiş binanın açılışına toplaşmışıq. İlham müəllim, Sizi tam əmin edə bilərəm ki, heç bir şəhid ailəsi, Qarabağ müharibəsi əlili və Azərbaycan vətəndaşı həyatda özünü tənha hiss etmir. Çünki Heydər Əliyev kimi Prezidentimiz, sizin kimi Baş nazirimiz var. Biz şəhid ailələrini həyata yeni qaytaran siz oldunuz. Ona görə biz hamımız Sizi dəstəkləyir və özümüzə yeni lider görürük.
Bəzi müxalifət qüvvələrin Azərbaycana, millətə, dövlətə vurduğu zərbənin qarşısını həm də siz almısınız. Siz Azərbaycana Baş nazir təyin olunandan bəri biz daha da yəqin etdik ki, balalarımızın sabahına, gələcəyinə olan narahatlığa həmişəlik son qoyuldu. Biz inanırıq ki, ölkəmiz ən etibarlı əllərdədir. Bu yeni binada insanlar xoşbəxt və firavan yaşayacaqlar. Bütün bunlar onu göstərir ki, sizin heç bir təbliğata ehtiyacınız yoxdur. Heydər Əliyevin tikdiyi, qurduğu və yaratdıqları elə onun təbliği deməkdir. Əliyevlər ailəsi Azərbaycana sevgi, şərəf və ləyaqət gətirmişdir. İlham müəllim İsmayıllı camaatının səsini çoxdan qazanmışdır.
Eşq olsun Heydər Əliyevə və İlham Əliyevə!
Eşq olsun bu binanı tikdirənlərə!
Ulu Tanrı Azərbaycan xalqına kömək olsun!
Allah-Təala xalqımızın xilaskarı Heydər Əliyevə şəfa versin!