Şəhid Kənan Süleymanlının xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub
Bakı, 17 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Raziyə Rzayevanın olduğu 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Kənan Sadıq oğlu Süleymanlının xatirəsinə həsr olunmuş “Qarabağdan gələn soraq” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid Kənan Süleymanlı barədə videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən kitabın müəllifi Raziyə Rzayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından, kitabın ərsəyə gəlməsindən söhbət açıblar.
Şəhid Kənan Süleymanlının ailə üzvləri adından çıxış edən anası Səadət Süleymanova övladı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Çıxışlardan sonra tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, təltifetmə mərasimi keçirilib.
Xatırladaq ki, Kənan Süleymanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.