ŞƏHİD TÜRK ƏSGƏRLƏRİNİN XATİRƏSİ ANILMIŞDIR
Sonra tədbir Şəhidlər xiyabanında davam etmişdir. Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirdikdən sonra, səfir Əhməd Ünal Çeviköz 1918-ci ildə Bakını erməni işğalından azad edərkən şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuş, matəm kitabına ürək sözlərini yazmışdır.
Diplomat çıxışında sentyabrın 15-ni Azərbaycan və Türkiyə tarixinin ən əlamətdar günü kimi dəyərləndirərək bildirmişdir ki, şəhidlərimizin qanı ilə yazılan bu tarix xalqlarımız arasındakı əbədi qardaşlıq münasibətləri daha da möhkəmləndirmişdir. Şəhidlərin ruhuna Allahdan rəhmət diləyən səfir xalqlarımıza səadət və əmin-amanlıq arzulamışdır.
Sonra çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov həmin tarixi dövrdə dünyada baş verən siyasi proseslərin Azərbaycana, eləcə də türk dünyasına gətirdiyi faciə və fəsadlardan, türk ordusunun xilaskarlıq missiyasından, ən çətin dövrlərdə xalqlarımızın təmənnasız olaraq bir-birilərinə kömək etməsindən danışmışdır. O, ulu öndərimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xalqlarımızın qardaşlığına dair dedikləri dəyərli fikirləri xatırladaraq əminliklə bildirmişdir ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bundan sonra da sürətlə inkişaf edəcəkdir.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə tər çiçəklər düzmüş, şəhidlərimizin ruhuna dualar oxumuşlar. Əhməd Ünal Çeviköz Türkiyənin Azərbaycandakı səfirliyi adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və digər rəsmi şəxslər tədbirdə iştirak etmişlər.
Bakıda keçirilən anım tədbirlərində iştirak etmək üçün Türkiyədən paytaxtımıza gələn Mehtoran bölüyü Azərbaycan ordusunun əsgərləri ilə birlikdə şəhidlər xiyabanında olmuşdur.