CƏMİYYƏT
Şəhidin həyat yoldaşı: Yeni ili ailəmizlə birlikdə bizə bağışlanan mənzildə qarşılayacağıq
Bakı, 26 dekabr, AZƏRTAC
Həyat yoldaşım Vidadi Qocayev 1992-ci ilin əvvəllərindən könüllü olaraq Milli Ordu sıralarında Ağdam və Ağdərə bölgəsində erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişdi. Snayper idi. 1993-cü il iyulun 23-də Ağdam uğrunda gedən döyüş onun cəbhə həyatında sonuncu oldu. Aldığı qəlpə yarasından ayağını amputasiya etdilər, Bakıda həkimlərin göstərdiyi səyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı...
Gəncə şəhərindəki Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllimi Mehriban Qocayeva AZƏRTAC-ın müxbirinə ömür-gün yoldaşının yarıda qırılan ömür yolu barədə bunları söyləyib.
Mehriban xanım Vidadinin itkisindən sonra üç oğul övladını böyüdüb boya-başa çatdırıb. Onlardan ikisi ailə həyatı qurub, 4 nəvəsi var. Bakıda mühafizə xidmətində işləyən digər oğlu Rufan hələ ki, subaydır. Dekabrın ortalarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhərində yaşayan bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim etdiyi üç otaqlı mənzillərdən biri də ona verilib.
“Düz 14 il oğlanlarım, gəlinlərimlə birlikdə kirayələrdə qalmışıq. Evsizliyin, şəraitsizliyin hər üzünü görmüşük. Neçə gündür ki, yır-yığışla məşğuluq, yeni mənzilə köçməyə hazırlaşırıq. Yəqin ki, Yeni ili nəvələrimlə birlikdə aldığımız təzə mənzildə qarşılayacağıq. Sevincimin həddi-hüdudu yoxdur. Şəhid ailələrinə bəxş etdiyi bu sevincə görə Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya çox minnətdaram. Müqəddəs kitabımızda da deyilir ki, dünyada yetim başı sığallamaqdan böyük savab yoxdur. Onların bağışladığı mənzil bizim üçün çox qiymətli hədiyyədir. Atasız böyütdüyüm oğlanlarımı, eləcə də gəlinlərim və nəvələrimi sevindirdiyi, bizi kirayənişin qalmaqdan xilas edib rahat yurd-yuva, isti ocaq bəxş etdiyi üçün dövlətimizin başçısına qəlbimin dərinliklərindən gələn ən xoş arzularımı çatdırmaq istəyirəm. Elə bilirəm ki, bu, çox böyük qədirbilənlik və şəhid ailəsinə, Vətən müdafiəçisinə göstərilən çox böyük ehtiramdır. Ailəmiz adından deyirəm: biz bunu heç vaxt unutmayacağıq”, - deyə Mehriban Qocayeva bildirib.