Şəhidlərimizin arzusunda olduğu qalibiyyəti yetmiş ildən sonra qazandıq
Bakı, 20 yanvar, G.Mahmudlu, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Bakıya tanklar yeridildi. Yüzlərlə vətəndaşımız amansızlıqla qətlə yetirildi. Sovet imperiyasının xain planı nəticəsində nəinki paytaxtda, eləcə də bölgələrdə ümumilikdə 147 nəfər şəhid oldu. Mənfurlar azadlıq istəyimizi öz silahları hesabına ürəyimizdə qoymağa, bizi qorxutmaqla geri addım atmağa nail olacaqlarını düşündülər. Amma unutdular ki, tarix boyu qəhrəmanlar yetişdirən bu torpağın övladlarının vətən sevgisi düşmənin məkrli niyyəti qarşısında əyilməyəcək, igidlərimiz canı, qanı hesabına müstəqillik arzusuna çatacaqdır. Bəli, biz qalib gəldik, suverenliyimizi əldə etdik. Ürəyimiz ağrıdı, ana vətən uğrunda qanlar töküldü, lakin mübarizəni davam etdirdik, şəhidlərimizin arzusunda olduğu qalibiyyəti 70 ildən sonra qazandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsinin 28-ci ildönümündə Şəhidlər xiyabanını ziyarət edən, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyalar İnstitutunun elmi işçisi Aybəniz Əliyeva deyib.
Həmin gecənin şahidi olan A.Əliyeva zirehli tankların qarşısında qorxmadan dayanan, əlisilahlı qaniçənlərlə silahsız döyüşən gənclərin qəhrəmanlığından bəhs edib. Torpaq uğrunda canlarından keçən vətən övladlarının dəfnində minlərlə insanın iştirak etdiyi, sovet ordusunun törətdiyi qətliamın onların gözünü qorxutmadığı vurğulanıb. A.Əliyeva şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını, bu cəsur insanların adlarının qəhrəmanlıq salnaməsində qızıl hərflərlə yazıldığını, onların heç vaxt unudulmayacaqlarını söyləyib.