QAN YADDAŞI
ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİ TƏBRİZDƏ ANILMIŞDIR
Təbriz, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş anma mərasimi təşkil edilmişdir.
İran rəsmilərinin, Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Baş konsul Ayxan Süleymanov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunları tərəfindən Bakıda törədilmiş qanlı hərbi cinayətin təfərrüatlarından bəhs etmişdir. Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun ermənilərin təkidi ilə Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinin ağır nəticələrindən danışan baş konsul demişdir ki, o dövrdə Azərbaycana rəhbərlik edənlər xalqın maraqlarına qarşı çıxaraq Moskvanın planlaşdırdığı bütün təxribatlarda baş icraçı olmuşlar. Böyük təhlükələrə baxmayaraq Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı ağır cinayət törədənləri kəskin ittiham etmişdir. Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra ulu öndərimizin təşəbbüsü və özünün iştirakı ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycanın azadlığı, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz xalqımızın ən ləyaqətli övladlarıdır. Artıq 20 ildir ki, Şəhidlər xiyabanı Azərbaycan xalqının və şəhərimizin qonaqlarının ziyarətgahına çevrilmişdir.
Tədbirdə 20 Yanvar faciəsini, erməni millətçilərinin törədikləri Xocalı soyqırımını, Azərbaycan həqiqətlərini əks etdirən müxtəlif nəşrlər nümayiş olunmuş, ehsan süfrəsi açılmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbir
Təbriz