Şəhidlərimizin xatirəsi yad olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyində (İB), Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı şəhid anaları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, İB-nin məsul katibi Yasəmən Möhöbbətqızı Bakıda həyata keçirilən qanlı hadisələrdən söz açıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse-prezidenti Rasim Məmmədov, professorlar Əsədulla Qurbanov, Şəddat Cəfərov, ehtiyatda olan polkovnik Zahid Teymurov və başqaları 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun təşkilatçılarının və günahkarlarının adını bütün dünyaya bəyan etdi.
Çıxış edənlər bildiriblər ki, sovet imperiyası 1990-cı ilin yanvar hadisələri ilə Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Yanvarın 20-si müstəqil Azərbaycan tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı.
“Şəhid anaları” İctimai Birliyinin sədri Rəfiqə Əsgərova, şəhid anası Bağda Nəbiyeva və başqaları 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisənin xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildiriblər.
Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş olunub.