Şəki, Lənkəran və Naxçıvanda havada zərərli maddələrin miqdarı yol verilən qatılıq həddini keçməyib
Bakı, 3 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, ekzogen proseslər, bioloji müxtəliflik, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi ilə bağlı monitorinqi mütəmadi davam etdirir.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, son bir ildə atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 24 məntəqədə aparılıb. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə ötən il ərzində 89135 nümunə götürülüb və həmin nümunələr üzərində 17 növ çirkləndirici üzrə 90839 analiz aparılıb. Hesabat dövründə aparılan müşahidələrin nəticələri göstərib ki, Bakı şəhərində havada əsas çirkləndiricilərdən tozun yol verilən qatılıq həddini (YVQH) 1.3, azot 4-oksid 1.2, formaldehid 2.3, hidrogen flüorid 1.6 dəfə keçib. Sumqayıt şəhəri üzrə havada əsas çirkləndiricilərdən azot 4-oksid 2.2 dəfə, hidrogen flüorid 2 dəfə YVQH-dən yüksək olub. Gəncə şəhəri üzrə atmosfer havasında müşahidə olunan zərərli maddələrdən hidrogen flüorid 1.2 dəfə yol verilən qatılıq həddindən artıq olub. Mingəçevir şəhərində aparılan müşahidələrin nəticələrinə görə toz 1.3 və fenol 1.7 dəfə YVQH-dən yüksək olub. Şəki, Lənkəran və Naxçıvan şəhərləri üzrə atmosfer havasındakı zərərli inqrediyentlərin orta və maksimal qatılıqları yol verilən həddi keçməyib.