REGİONLAR
Şəki-Zaqatala bölgəsində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub
Şəki-Zaqatala bölgəsi, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anıblar. Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində çıxış edənlər 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycanın şanlı tarixi olduğunu vurğulayıblar. Qeyd olunub ki, noyabrın 8-də şanlı Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılıb.
Tədbir iştirakçıları sonra Vətən müharibəsində könüllü iştirak edərək şəhidlik zirvəsinə ucalmış Toğrul Nağıyevə həsr olunan “Könüllülər komandiri” bədii-sənədli filmini izləyiblər.
Zəfər Günü münasibətilə Qaxda keçirilən tədbirin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarlarını ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda Azərbaycan əsgərinin bu şanlı Qələbə ilə öz adını tariximizin ən şərəfli səhifəsinə yazdığı, Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş olduğu xüsusi vurğulanıb.
Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə zaqatalalı könüllü gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər.
8 Noyabr - Zəfər Günü Zaqatala rayonunda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib, “Zəfər kompleksi” abidəsi önünə gül dəstələri düzüblər. Rayon Mədəniyyət Mərkəzində keçirilən “Zəfərimiz əbədidir” adlı tədbirin iştirakçıları əvvəlcə foyedə yeniyetmə və gənc rəssamların düşmən üzərində şanlı Zəfərə və qəhrəman şəhidlərimizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Çıxışlardan sonra “Zəfər yolu” filmi nümayiş olunub. Tədbir konsert proqramı ilə başa çatıb.
Zəfər Günü Balakən, Qəbələ və Oğuz rayonlarında da silsilə tədbirlərlə geniş qeyd olunub.