Şəkidə sərtləşdirilmiş karantin rejiminin qaydalarını pozan şəxslər cərimələnib
Bakı, 17 iyul, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, istər nəqliyyat vasitələri ilə, istərsə də piyada hərəkət edən vətəndaşların sənədləri polis əməkdaşları tərəfindən yoxlanılır. Sakinlərlə profilaktiki söhbətlər aparılır, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılır.
Müvafiq icazələri olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tibbi maskadan istifadə etməyən şəxslər aşkarlandıqda barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnirlər.