Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri müəyyənləşib
Şəki, 13 may, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş futzal üzrə “Şəki kuboku – 2026” turnirinə yekun vurulub. Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 18 komanda 4 qrupda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bir ay davam edən turnirin final oyununda “Ədliyyə” və “Marxal” komandaları qarşılaşıblar. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Ədliyyə” komandası turnirin qalibi adını qazanıb. “Səhiyyə” komandası turniri üçüncü pillədə başa vurub.
Turnirin bağlanış mərasimində YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, idmana olan dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi Ulu Öndərin irsini təbliğ etmək, eyni zamanda, müəssisə və təşkilatlarda çalışanlar arasında əməkdaşlığı daha da inkişaf etdirmək və idmanın kütləviliyinə nail olmaqdan ibarətdir.
Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıblar. Bundan əlavə, “ən yaxşı oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə qaliblərə də diplom və xatirə hədiyyəsi təqdim edilib.
Müxbir – Mustafa Dadaşov