Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb
Şəki, 12 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş futzal üzrə “Şəki kuboku - 2023” turnirinə yekun vurulub. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən 34 müəssisə və təşkilatı təmsil edən 18 komanda 4 qrupda mübarizə aparıb.
Şəki Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin final oyununda Ədliyyə Nazirliyinin yerli qurumlarının əməkdaşlarından ibarət “Ədliyyə” və Şəki Penitensiar Xidmət Müəssisəsini təmsil edən “Penitensiar Xidmət” komandaları qarşılaşıblar. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Ədliyyə” komandası turnirin qalibi adını qazanıb. Üçüncü yer uğrunda gedən oyunda isə Sərhəd Qoşunlarını təmsil edən komanda Şəki Regional Mədəniyyət İdarəsinin komandasına qalib gəlib.
Turnirdə yer tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok və pul mükafatı təqdim olunub.