ŞEKSPİRİN “HAMLET” FACİƏSİNİN YENİ QURULUŞDA İLK TAMAŞASI
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TAMAŞADA OLMUŞDUR
Dekabrin 7-də Azərbaycan Akademik Milli Dram Teatrında məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk tamaşası göstərilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev tamaşaya baxmaq üçün teatra gəldi. Tamaşaçılar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. Vaxtilə bu teatrın səhnəsində dəfələrlə göstərilmiş, onun repertuarında özünə möhkəm yer tutmuş bu əsərin yeni quruluşda tamaşası uğurla keçdi və teatrsevərlər tərəfindən yüksək dəyərləndirildi.
Əməkdar incəsənət xadimi, rejissor Azər Paşa Nemətin quruluşunda hazırlanmış tamaşada Hamlet rolunu xalq artisti Fuad Poladov oynayırdı. Digər əsas rollarda xalq artistləri Səyavuş Aslan, Yaşar Nuri, əməkdar artistı Rafael Dadaşov, Sənubər İskəndərli, əməkdar artist Bürcəli Əsgərov və başqaları çıxış edirdilər. Tamaşanın rəssamları əməkdar incəsənət xadimi, mərhum Elçin Məmmədov və əməkdar rəssam Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Səyavuş Kərimidir.
Azərbaycan Prezidenti Heydər Əliyev fasilə zamanı respublikamızın tanınmış ədəbiyyat, incəsənət, elm xadimləri ilə görüşüb söhbət etdi.
Dövlətimizin başçısı tamaşadan sonra səhnə arxasına gələrək, artistlərlə görüşdü, “Hamlet” faciəsinin yeni quruluşunu hazırlayan yaradıcı heyətə təşəkkürünü bildirdi, onlarla xatirə şəkli çəkdirdi.
X X X
Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət naziri Polad Bülbüloğlu, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə və digər rəsmi şəxslər tamaşada olmuşlar.
(Ətraflı hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).