Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞEKSPİRİN “HAMLET” FACİƏSİNİN YENİ QURULUŞDA İLK TAMAŞASI
AZƏRBAYCAN PREZİDENTİ TAMAŞADA OLMUŞDUR

Xəbər verdiyimiz kimi, dekabrın 7-də Azərbaycan Akademik Milli Dram Teatrında məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk tamaşası göstərilmişdir. 

Azərbaycan Prezidenti Heydər Əliyev tamaşaya baxmaq üçün teatra gəldi. Tamaşaçılar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Vaxtilə bu teatrın səhnəsində dəfələrlə göstərilmiş, onun repertuarında möhkəm yer tutmuş bu əsərin yeni quruluşda tamaşası uğurla keçdi və teatrsevərlər tərəfindən yüksək dəyərləndirildi.

Əməkdar incəsənət xadimi, rejissor Azər Paşa Nemətin quruluşunda hazırlanmış tamaşada Hamlet rolunu xalq artisti Fuad Poladov oynayırdı. Digər əsas rollarda xalq artistləri Səyavuş Aslan, Yaşar Nuri, əməkdar artist Rafael Dadaşov, Sənubər İsgəndərli, əməkdar artist Bürcəli Əsgərov və başqaları çıxış edirdilər. Tamaşanın rəssamları əməkdar incəsənət xadimi , mərhum Elçin Məmmədov və əməkdar rəssam Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Səyavuş Kərimidir.

Dövlətimizin başçısı fasilə zamanı respublikamızın tanınmış ədəbiyyat, incəsənət, elm xadimləri ilə görüşüb söhbət etdi.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV tamaşadan sonra səhnə arxasına gəlib artistlərlə görüşdü, “Hamlet” faciəsinin yeni quruluşunu hazırlayan yaradıcı heyətə təşəkkürünü bildirərək dedi:

- Sizinlə yenidən görüşümdən çox məmnunam. Xeyli vaxt idi ki, teatra gəlmək ya mümkün deyildi, yaxud da ki, siz çağırmırdınız. Hər halda, mən sizin teatrı həmişə sevmişəm, tamaşalara gəlmişəm.

“Hamlet” tamaşasının göstəriləcəyini eşitdim, maraqlandım. Dedilər ki, tamaşa çox yaxşı hazırlanıbdır. Yaxşı quruluşu var, yaxşı ifa edirlər. Təbiidir ki, bu, Azərbaycanın teatr həyatında, mədəni həyatında böyük hadisədir. Çünki klassiklərin əsərləri həmişə yaşayır. Daim yaşayan əsərlər var. Əsərlər var ki, müəyyən dövrə həsr olunub, ancaq o dövrdə yaşayır, yaşaya bilir. Klassiklərin əsərləri isə həmişə yaşayır. Xüsusilə Şekspir yaradıcılığı, onun əsərləri...

İndi Azərbaycan teatrının 130 illik yubileyinə hazırlaşırıq. Azərbaycan teatrı vaxtilə, hələ çox onilliklər bundan öncə Şekspirin əsərlərinə müraciət edibdir. “Hamlet” Azərbaycan səhnəsində otuzuncu illərdə çox uğurla göstərilibdir. Mənə belə gəlir ki, Abbas Mirzə Şərifzadə Hamlet rolunu ilk oynayan bizim görkəmli aktyorlarımızdan biri olubdur. Deyirlər ki, sonralar da bu əsər dəfələrlə göstərilibdir. Elçin Əfəndiyev buradadır, yoxsa yox? O məlumat verdi ki, “Hamlet” Azərbaycan səhnəsində dördüncü dəfədir ki, qoyulur.

ELÇİN ƏFƏNDİYEV: Bəli, dördüncü dəfədir...

HEYDƏR ƏLİYEV: Təbiidir, ola bilər ki, bu azdır. “Hamlet” əsəri bizim səhnəmizdə çox göstərilsəydi, teatrımız üçün daha yaxşı olardı. Ancaq bunlar tarixdir, hər şey arxada qalıb, olanlar barədə heç nə demək olmaz. Əsas odur ki, indi siz Şekspir yaradıcılığına yenidən müraciət etmisiniz. Onun ən görkəmli əsərlərindən birini - “Hamlet” faciəsini səhnəyə qoymusunuz.

Otuzuncu illərdə “Hamlet” bizim sevimli pyeslərimizdən biri idi. Burada bizim nəsildən olan adamlar var, yəqin salonda da belələri vardı, Mən Hamleti Abbas Mirzə Şərifzadənin ifasında görmüşəm. Sonralar da “Hamlet” əsəri şəxsən məni həmişə maraqlandırıbdır. Bu pyesi Moskvada tamaşaya qoyublar, mən onu görmüşəm. Nəhayət, film vardı, məşhur aktyor Smoktunovski Hamlet rolunu çox gözəl ifa edirdi. Biz bunların hamısını müəyyən qədər yada salarkən deyə bilərik ki, dünyada, ola bilər, yüzə qədər quruluşda “Hamlet” tamaşası olsun. Hər rejissor, hər aktyor onu özünün bildiyi kimi göstərir. Amma bunun əsası Şekspirin yaradıcılığıdır, onun fəlsəfəsidir. Bu, böyük bir fəlsəfədir. Şekspir həmişə ona görə yaşayır ki, onun hər bir əsəri özündə fəlsəfi fikirlər daşıyır. Ona görə də mən çox məmnunam ki, siz bu əsəri səhnəyə qoymusunuz. Əgər siz gələcəkdə də belə əsərləri unutmasanız, yaxşı olar. Çünki hansısa günə aid olan əsərlər, gəldi-gedər əsərlərdir. Mən demirəm ki, siz onlardan imtina edəsiniz. Hər günün tələbini də ödəmək lazımdır. Ancaq teatr-teatrdır. Bilirsiniz, teatr gərək öz yüksək simasını həmişə saxlasın.

Biz Azərbaycan teatrı ilə fəxr edirik. Mən bunu dəfələrlə demişəm. Siz bilirsiniz ki, Azərbaycan teatrının 100 illik yubileyində mən Respublika sarayında məruzə ilə çıxış etmişəm. Sonra mənə dedilər ki, “sən respublikanın rəhbərisən, teatrşünas deyilsən, nə üçün məruzə edirsən?”. Dedim ki, məruzə etdim və hər halda, teatrşünaslardan pis etmədim. Bu, qəzetlərdə qalıbdır, arxivlərdən tapmaq olar. Mən bunu niyə deyirəm? Çünki bizim teatr həqiqətən klassik teatrdır. Əgər klassik teatr olmasaydı, bu qədər yaşaya bilməzdi. Teatrı belə yaşatmaq lazımdır.

İndi mən görürəm ki, siz bu addımları atırsınız. Mən bunu bəyənirəm. Bu barədə sizə yardımçı olmağa hazıram ki, bizim teatrımızın səviyyəsini getdikcə yüksəldəsiniz.

Bugünkü tamaşa haqqında indi nə deyə bilərəm? Quruluşçu rejissora təşəkkür edirəm, əsərə çox yaxşı quruluş veribdir. Çox gözəl musiqi müşayiəti var. Səyavuş Kərimi çox qeyri-adi, müasir bəstəkardır.

Keçmişdə “Hamlet” tamaşasında dekorasiyalar vardı. Özü də zəngin dekorasiyalar, sarayların dekorasiyaları vardı, onları bilirsizmi? Siz gəncsiniz, yəqin görməmisiniz. Amma mən bunu görmüşəm.

Ümumiyyətlə, bizim həmin teatrımızda, - keçmişdə o, Musiqili Komediya Teatrının yerində idi, - böyük-böyük dekorasiyalar vardı. Ona görə də, - bayaq dedilər ki, tamaşa 4 saat davam edəcək, - o vaxt 6 saat çəkirdi. 4-5 pərdə... Bir pərdə oldu, fasilə, gərək dekorasiyalar dəyişiləydi. Amma indi burada dəyişiklik var, dekorasiya yoxdur. Dekorasiyasız da pis deyil, bəlkə, daha da yaxşıdır. Ona görə də mən bu barədə rəssamların işini qeyd etmək istəyirəm. Çox yaxşı bədii tərtibat veriblər. Bunlar, deməli, tamaşanın təşkilatçılarıdır.

O ki qaldı tamaşanın ifaçılarına, hamınız çox yaxşı oynadınız. Özü də bu tamaşada məni sevindirən odur ki, - burada siz azsınız, - səhnədə çoxlu adamlar vardı.

 

Çox gözəldir ki, belə kütləvi səhnələri olan bir tamaşa yaratmısınız. Ancaq bu tamaşanın bütün ağırlığı, təbiidir ki, Hamlet rolunun ifaçısının üzərinə düşübdür.

Fuad Poladovu mən 1970-ci illərdən yaxşı tanıyıram. Elə bu səhnədə çox gözəl rollar ifa edirdi. Çox məmnunam ki, yenə də bu səhnədədir və deyə bilərəm ki, bu rolu çox məharətlə oynadı. Fuad, mən səni təbrik edirəm. Çünki, bu dörd saatın, demək olar ki, xeyli hissəsini Hamletin monoloqları, danışıqları təşkil edir. Şekspir əsəri belə yaradıb, başqa cür etmək olmaz. Ancaq kim bu rolu ifa etmək istəyirsə, bu ağırlıq onun üzərinə düşür. Kim bu ağırlığı necə daşıyırsa, o, başqa məsələdir, bu fərqlidir.

Mən hesab edirəm ki, bu gün Fuad Poladov Azərbaycan teatrında Hamlet rolunu çox məharətlə ifa etdi. Yenə də deyirəm, mən səni təbrik edirəm. Güman edirəm ki, gələcəkdə də klassik əsərlərdə belə rolları ifa etməkdə davam edəcəksən. Bu, çox faydalıdır, cəmiyyət üçün faydalıdır. Hər bir rolu ifa etməyin çətinliyi var. Amma belə rolu ifa etmək, təbiidir ki, aktyordan böyük istedad, məharət, bilik tələb edir. Çünki ifa etdiyin surətin daxili aləmini dərk edə bilməsən, əsərin fəlsəfəsini duya bilməsən, əlbəttə ki, bu rolu oynamaq mümkün deyildir. Bunların hamısını biz bu gün gördük.

Bu pyes belədir ki, burada bir rol hamısından fərqlənir. Ona görə də başqa rolu Fuadın ifası ilə müqayisə etmək mümkün deyildir. Ancaq mən çox məmnunam ki, məsələn, Kraliça rolunun ifaçısı da çox gözəl çıxış edirdi. Bu rolun ifaçısını mən əvvəllər görməmişdim, bu qızı birinci dəfədir ki, görürəm. Xülasə, çox yaxşı çıxış edirdi. Ofelya rolunun ifaçısı da çox gözəl çıxış edirdi. Bu qadın rollarını xüsusi qeyd edirəm. Bilirsiniz, bu rollar bizim Azərbaycan həyatının xüsusiyyətinə uyğun rollar deyildir. Çünki bu rolların hamısı Danimarkanın, İngiltərənin o dövrdəki həyatı ilə bağlıdır. Bunları məhz o cür göstərmək, yəni həmin surətləri “azərbaycanlaşdırmamaq” əsas şərtdir, məsələ bundadır. Əgər kimsə Şekspiri istəsə azərbaycanlaşdırsın, bu, əlbəttə ki, mənfi nəticə verəcəkdir.

Dünən maestro Niyazinin 90 illik yubileyi idi. Mən orada çıxış edib xatirələrimi danışarkən dedim ki, Niyazi bütün başqa istedadı ilə yanaşı, bizim Azərbaycan bölgələrinin ləhcələrini çox gözəl yamsılayırdı. O, çox gözəl aktyor idi. Məsələn, Şəki ləhcəsini, yaxud da ki, Gəncə, Qarabağ ləhcəsini... Mənim yadımdadır, - biz ailəvi dost olmuşduq, - bir dəfə o danışırdı ki, Şəki teatrında tamaşaya qoyulmuş “Otello”da Şəki ləhcəsi ilə deyilirdi: “...Mənim ciyimin yaylığı necə oldu?” Rolu azərbaycanlaşdırmaq olmaz. Ona görə də Fuadın da bu qızların da ifasında mən məhz o ölkənin, həmin xalqın xüsusiyyətlərini hiss etdim. Bu da bunların əsərə çox ciddi yanaşmasının nəticəsidir.

Sonra, əsərdə əlbəttə ki, Kral surəti var. Rafael, çoxdandır ki, səni səhnədə görmürdüm, sən harada idin, yox idin. Yayda səni bir dəfə çimərlikdə görmüşəm. Bazar günü mən çimərliyə getmişdim ki, görüm insanlar necə istirahət edirlər. Qəflətən getdim, heç kəs bilmirdi. Gəlmişdim çimərliyə, Buzovna çimərliyi idi, yoxsa...?

RAFAEL DADAŞOV: Buzovna yox, Zuğulba çimərliyi idi.

HEYDƏR ƏLİYEV: Hə, Buzovna ilə Zuğulba arasındakı çimərlik idi. Oturdum, bir az çay içdim, su içdim, bir az söhbət etdim. Bir də gördüm ki, Rafael anası ilə gəlir. Rafaelin anası Sofiya Azərbaycanın xalq artistidir. Onun anası da artist idi. Naxçıvanda 1930-cu illərdə teatr çox güclü idi.

 

Güclü artistlər vardı. Orada da baş rolları iki-üç aktrisa oynayırdı. Onların da biri Xədicə xanım Qazıyeva idi. Xədicə Qazıyeva da orada aktyorlardan hansınasa ərə getdi. Ondan da Rafaelin anası Sofiya doğuldu. Sofiyanı uşaqlıqdan tanıyıram. İndi görürsünüzmü, mən sizə hansı tarixi söyləyirəm.

Xədicə xanımın gözəl çıxışları olurdu. Orada yaxşı aktyorlar vardı, məsələn, İsa Musayev, ən gözəl aktyor Miribrahim Həmzəyev idi.

RAFAEL DADAŞOV: Bəli, Miri müəllim...

HEYDƏR ƏLİYEV: Miribrahim Həmzəyev. Zəroş xanım - Miribrahim Həmzəyevin xanımı oynayırdı. Bəli, Rafaelin anası və nənəsi də teatr sənəti ilə bağlıdırlar. Səni orada gördüm, amma teatrda yox idin. Sonra eşitdim ki, “Hamlet”də oynayırsan, dedim çox yaxşı ki, buraya gəlmisən. Amma çox belə cüssəlisən... Yəqin ki, idmanla məşğul olmusan. Hə? Daş qaldırmısan, ya nədirsə...

RAFAEL DADAŞOV: Yəqin ki, bu, ifa etdiyim rola uyğun olar.

HEYDƏR ƏLİYEV: Bəli, Kral da... Doğrudan da, Şekspir bu faciəni necə yaradıbsa, - mən bu əsəri birinci dəfə deyil ki, görürəm, - hər dəfə adamda çox böyük təəssürat doğurur. Mənə dedilər ki, tamaşaya iki saat baxacaqsan. İki saat elə keçdi ki, heç xəbərim olmadı. İkinci pərdə qısa oldu. Mən burada nə qədər oldumsa, yorulduğumu hiss etmədim. Biz buraya yorulmağa gəlmirik. Əksinə, istirahət etməyə gəlirik. Mən tam istirahət etmişəm. Çünki, bu, çox güclü əsərdir. Əsərə ki, alışırsan, onda, həqiqətən, istirahət edirsən. Səni də təbrik edirəm, bu teatra gəlmisən. Güman edirəm ki, teatrdan ayrılmaq lazım deyildir.

Bu gün görürəm, qarşımda durublar, Səyavuş, Yaşar... Siz həmişə çox yaxşı oynayırsınız. Elə aktyorlarsınız ki, sizin haqqınızda nə qədər desək, yenə söz qurtarmayacaqdır. Amma bu dəfə xüsusi rollar oynayırsınız. Məsələn, Səyavuş elə həmişə adamı güldürür. Amma bu dəfə elə bir rol oynayırdın ki, onun da öz xüsusiyyəti var.

SƏYAVUŞ ASLAN: Məni zorla oynatdılar...

HEYDƏR ƏLİYEV: Yox, əşşi... Amma yaxşı oynayırdın. Qəbirqazan surətini də Yaşar yaxşı oynayırdı. Çox yaxşı oynayırdınız. Daha kimi deyim? Hamınız yaxşı oynayırdınız. Elədir, yoxsa yox?

Gənclər də, təbiidir ki, inkişaf edirlər. Mən bunu görürəm. Bu gün tamaşada mən çoxlu gənc ifaçı gördüm, gənclər gördüm. Demək, bu teatra gənc aktyorlar gəlib. Onlar çoxdurlar.

ƏLİABBAS QƏDİROV (teatrın bədii rəhbəri və direktoru, xalq artisti): Bəli. Teatra gənclər cəlb olunur.

HEYDƏR ƏLİYEV: Teatra gərək gənclər gəlsin. Gənclər gəlsin ki, onlar Səyavuşun, Yaşarın, o birilərin işlərini davam etdirsinlər. Fuad özü hələ cavandır. Doğrudan, mən səni çoxdandır ki, görmürəm, dəyişilməmisən. Özünü yaxşı saxlamısan. Çoxdandır, gör nə vaxt idi, mən səni 1970-ci illərdə səhnədə görmüşəm. 20 ildir, 20 ildən də çoxdur... Amma bu 20 ildə heç dəyişilməmisən. O vaxtkı kimisən.

SƏYAVUŞ ASLAN: Heydər müəllim, Rus Dram Teatrında işləyir, buraya dəvətlə gəlibdir.

HEYDƏR ƏLİYEV: Burada işləmir?

SƏYAVUŞ ASLAN: Yox, burada işləmir. Amma arzumuzdur ki, bizimlə işləsin, ona yalvarırıq, deyirik, indi nə vaxt qayıdacağını bilmirik.

Artistlərin bu işinə qarışmaq olmaz.

ƏLİABBAS QƏDİROV: Mən onu dəvət etmişəm.

HEYDƏR ƏLİYEV: Mən bu məxluqu yaxşı tanıyıram. Çünki dəfələrlə demişəm, mən özüm teatr həvəskarı olmuşam, lap gənc vaxtımda Naxçıvanda dram dərnəyində mən də çıxışlar etmişəm. Miribrahim Həmzəyev bizim dram dərnəyinin rəhbəri idi. Sonra burada, Bakida, Azərbaycan Sənaye İnstitutunda oxuyanda da bizim dram dərnəyimiz vardı. Mən orada da çıxış etmişəm. Hətta bir dəfə “Hamlet”dən bir pərdə hazırlamışdılar, mən də özüm bacardığım kimi çıxış etdim. Yəni bilirəm ki, bu artistlər xüsusi məxluqdur. Onların işinə qarışmaq olmaz. Onları gərək başlı-başına buraxasan. Nə edirlərsə, qoy etsinlər. Bu teatrdan çıxıb başqa teatra gedirlər. Bu, sizin öz işinizdir. Keçmişdə bu teatrdan da gedən olubdur. Rəhmətlik Mehdi Məmmədov neçə dəfə buradan getmiş və neçə dəfə də buraya qayıtmışdı. Yadınızda deyilmi? O da Rus Dram Teatrına getmişdi. Elədirmi?

ƏLİABBAS QƏDİROV: Bəli, opera teatrına da getmişdi.

HEYDƏR ƏLİYEV: Opera teatrına, Rus Dram Teatrına da getdi. Sonra mən onu 1970-ci illərdə buraya gətirdim, dedim gəl bu teatra. Gəldi, burada baş rejissor oldu. Özü də oynayırdı, yadımdadır, Xəyyamı çox oynadı.

ƏLİABBAS QƏDİROV: “Meşşanlar”da, “Canlı meyit”də...

HEYDƏR ƏLİYEV: Bəli, “Canlı meyit”də... “Xəyyam” mənim xatirimdə çox yaxşı qalıbdır, “Xəyyam” pyesini qoydu, elədirmi?

ƏLİABBAS QƏDİROV: Elədir.

ELÇİN ƏFƏNDİYEV: “İnsan”da da oynadı.

ƏLİABBAS QƏDİROV: 1969-cu ildə...

HEYDƏR ƏLİYEV: Mən xahiş etdim, o, Səməd Vurğunun “İnsan” pyesini tamaşaya hazırladı.

İndi kim-kimə yalvarır, bu, sizin öz işinizdir, mənim işim deyildir. Əgər Fuad Rus Dram Teatrındadırsa, bir gün gedəcəyəm, orada görəcəyəm. Bəlkə Səyavuş, sən də Rus Dram Teatrına gəldin. Sənin özün gah orada - Musiqili Komediya Teatrındasan, gah buradasan. Belədir də. Bu, tamamilə təbii haldır. Bunu heç kəs heç kimə irad tutmasın. Hesab edirəm ki, bu, təbii haldır.

Bir sözlə, hamınız bu gün bu ağır tamaşanı göstərdiniz. Mən çox məmnunam ki, sizin bu teatrda da öz içərinizdən çıxan direktorunuz var. Sən həm teatrın bədii rəhbərisən, həm də direktorusan?

ƏLİABBAS QƏDİROV: Bəli.

HEYDƏR ƏLİYEV: Daha bunu tərifləməyə ehtiyac yoxdur. Bilirsiniz də, bu da böyük rollar oynayıbdır, indi də teatra başçılıq edir və yaxşı başçılıq edir.

Son dəfə mən sizin maaşlarınızı da artırdım, bilirsiniz də.

SƏYAVUŞ ASLAN: Çox sağ olun. Sizin sağlığınız bizim teatr üçün hər şeydir. 22 nəfərə də Prezident mükafatı təyin etmisiniz.

HEYDƏR ƏLİYEV: Özü də hərəyə 2 milyon manat... Hə?

ƏLİABBAS QƏDİROV: Bəli, 22 nəfərə iki milyon, milyon yarım, ən azı bir milyon manat Prezident mükafatı vermisiniz.

HEYDƏR ƏLİYEV: İndi Azərbaycanda heç kim dövlətdən bu qədər pul almır. Başqa yerdən alanlar var.

SƏYAVUŞ ASLAN: Heydər müəllim, 3-4 nəfər də yaxşı gənc aktyorlarımız var, işləyirlər. Onların fəxri adları yoxdur.

HEYDƏR ƏLİYEV: Sən bunu dedin, mən Fatma xanıma tapşırıram, nə dərdiniz varsa, deyin.

ƏLİABBAS QƏDİROV: Cənab Prezident, çox sağ olun. Teatrımıza Sizin gəlişiniz bizi ruhlandırır. Sizin buraya gəlişiniz bizim üçün həmişə bayramdır. Hamı bilir ki, Sizin gəlişiniz burada necə təntənə ilə qarşılanır və bilirik ki, Siz bizə çox böyük qayğılar göstərmisiniz. Mən 1969-cu ildən bu teatrda işləyirəm. O vaxtdan bu günə qədər bizim teatra Sizin qayğınız həmişə olub. Biz Sizə çox təşəkkürümüzü bildiririk. Biz bir neçə ay Sizin buraya gəlişinizin təəssüratı ilə yaşayacağıq. Bilirik ki, Siz həmişə teatrın qayğısını çəkmisiniz. Bayaq da söhbətimiz oldu, düzdür, Səyavuş da deyir, Siz də dediniz ki, nə lazımdırsa, yəni gələcəkdə aktyorlarımıza fəxri ad verilməsi məsələləri, teatrımıza milli teatr statusu verilməsi...

HEYDƏR ƏLİYEV: Fatma xanım, bunların hamısını yaz, ver. Mənim incəsənətə, ələlxüsus, teatra münasibətimi sübut etmək lazım deyil. Ona görə də nə lazımdırsa etmişəm və edəcəyəm.

SƏYAVUŞ ASLAN: Özünüz də gördünüz, yaxşı gənclərimiz var.

HEYDƏR ƏLİYEV: Görürəm, siz veteranlar da yaxşısınız.

SƏYAVUŞ ASLAN: Gəncləri də bizim siyahıya salsanız, yaxşı olardı.

HEYDƏR ƏLİYEV: Gəncləri də siyahıya salarıq. Sən narahat olma.

Səyavuş, yəqin sənin heç ağlına gəlməzdi ki, sənə birdən 2 milyon manat mükafat təyin edəcəyəm, hə?

SƏYAVUŞ ASLAN: Heç indi də ağlıma gəlmir. İndi də çox sevinirəm. Qəflətən oldu.

HEYDƏR ƏLİYEV: İndi bir də görəcəksən ki, nə isə etdim, sənin heç ağlına gəlməz ki, bunu etmişəm.

Bir sözlə, çox sağ olun. Mən çox məmnunam, sizə yeni-yeni uğurlar arzulayıram.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev teatrın yaradıcı kollektivi ilə xatirə şəkli çəkdirdi.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib