SİYASƏT
Səməd Seyidov: Bu qərar Azərbaycanın məhkəmə sisteminin beynəlxalq qanunun prinsiplərini ehtiva etdiyini bir daha sübuta yetirdi
![Səməd Seyidov: Bu qərar Azərbaycanın məhkəmə sisteminin beynəlxalq qanunun prinsiplərini ehtiva etdiyini bir daha sübuta yetirdi](/files/2020/1/1200x630/15877130394745338889_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
Xəbər verildiyi kimi, aprelin 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun, eləcə də hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb. Hər iki məsələ üzrə şəxslər barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu məsələnin Avropa Şurasında qiymətləndirilməsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Səməd müəllim, bu günlərdə ictimaiyyətin marağını doğuran əsas xəbərlərdən biri ReAL Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsidir. Bu məsələnin Avropa Şurasında müzakirə obyekti olması ölkənin məhkəmə sisteminin işinə dair fikrin formalaşmasına nə dərəcədə təsir edir?
- Biz ilk gündən heç bir hüquqi müstəvidə baş verən prosesləri siyasiləşdirməyin düzgün olmadığını vurğulamışdıq. Azərbaycanda məhkəmə, hüquq mühafizə sisteminə təzyiq göstərmək onların işlərinə müdaxilə etmək Avropa Şurasının özünün dəyərlərinə də zidd olan bir məsələdir.
İlqar Məmmədov və Rəsul Cəfərov ilə yanaşı, bir neçə başqa şəxsin məsələsi də Avropa Şurasında uzun illərdir ki, müzakirə obyekti kimi diqqətdədir. Avropa İnsan Haqları Məhkəməsi bununla bağlı bir neçə dəfə qərar qəbul edib. Nazirlər Komitəsinin pandemiyaya qədər baş tutan sonuncu, yanvar sessiyasında bu məsələ yenidən gündəmə gətirilmişdir. Bir məsələni xüsusi qeyd edim ki, hətta Azərbaycanla bağlı təqdim edilən sənədlərə bu məsələ birbaşa daxil edilmişdir.
Azərbaycan İnsan Haqları Məhkəməsinin yurisdiksiyası altında olan bir dövlətdir. Biz bu konvensiyaya üzv olmuşuq, bu səbəbdən də insan haqları məhkəməsinin qərarlarını vaxtında və ən əsası, Azərbaycanın milli maraqlarına uyğun şəkildə yerinə yetirilməsi ilə bağlı fəaliyyət göstəririk. Hər hansı bir prosesin istintaq-araşdırma mərhələsindən məhkəmə iclaslarının keçirilməsinə qədər aparılan işin vaxtında və obyektiv yerinə yetirilmsəinə hansısa şəxslər müdaxilə edə bilməz.
İlqar Məmmədova və Rəsul Cəfərova dair işlə bağlı bəraətverici əsaslarla xitam, eləcə də onlara kompensasiya ödənilməsinə dair qərarın verilməsi birincisi - Azərbaycanın ali dəyərlərə, insan haqlarına, qanunun aliliyinə münasibətinin, ikincisi, Azərbaycana və onun məhkəmə, hüquq mühafizə sisteminə, yaxud ümumiyyətlə, siyasətinə təzyiq göstərməyin heç bir əhəmiyyətinin olmamasının əyani sübutudur.
Üçüncüsü isə bu qərar Azərbaycana qarşı işləyən, Azərbaycanın siyasətinə müdaxilə etmək niyyətində olan və bu məsələni “məharətlə” istifadə etmək istəyən siyasətçilərin, qruplaşmaların və təşkilatların əlindən bu imkanın birdəfəlik çıxmasına kömək göstərəcək. Onlar artıq bu məsələdən fürsət kimi istifadə edə bilməyəcəklər.
- Qeyd etdiyiniz kimi bu proses uzun illərdir Avropa Şurasının diqqətindədir. Bəs bu qərar Azərbaycan nümayəndə heyətinin Avropa şurasında fəaliyyəti ilə bağlı hansı nəticələrə gətirib çıxara bilər?
- Aprelin 23-də qəbul edilmiş qərar bizim Avropa Şurasında fəaliyyətimizə çox müsbət təsir göstərməklə yanaşı, Azərbaycanın müstəqil siyasət aparmasının, siyasi iradəsinin daha bir təzahürü və təsdiqidir. Əminəm ki, nəinki Avropa Şurasında fəaliyyətimizə, ən əsası Dağlıq Qarabağ probleminin obyektiv müzakirə olunmasına bilavasitə təsir göstərəcək. Son zamanlar Azərbaycanın iradəsinə müdaxilə etmək cəhdləri ilə özünü gülünc vəziyyətdə qoyan Ermənistanın siyasi rəhbərliyi, mnatsakanyanlar, Qarabağ separatçıları, paşinyanlar nə qədər çalışsalar da, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan milli maraqlarını əks etdirən, bununla da dünyanın aparıcı ölkələri tərəfindən rəğbət qazanmış xarici siyasətinə və siyasi iradəsinə müdaxilə edə bilməyəcəklər.
Azərbaycanın məhkəmə sisteminin müstəqil və Azərbaycan Konstitusiyasının əsasında beynəlxalq qanunun prinsiplərinin ehtivası kimi qiymətləndirilməli olan bu qərarla bağlı Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin verdiyi bəyanatında, İlqar Məmmədov və Rəsul Cəfərova Ali Məhkəmə tərəfindən bəraət verilməsinin müsbət qarşılandığını, Avropa Şurasının Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Avropa Şurasının Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının prezidenti Rik Dayensə məlumat məktubu göndərib.