ELM VƏ TƏHSİL
Səmərqənd şəhərində AMEA-nın “Türkologiya” jurnalının beynəlxalq təqdimatı keçirilib
Daşkənd, 10 fevral, AZƏRTAC
Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının təqdimatı keçirilib.
Tədbirdə filologiya fakültəsinin dekanı professor Jeliboy Eltazarov jurnalın tarixindən danışıb, keçmiş SSRİ dövründə “Sovetskaya turkologiya” adı ilə belə bir nəşrin yalnız Azərbaycanda çap edildiyini bildirib. J.Eltazarov jurnalın bugünkü fəaliyyəti haqqında da məlumat verib, gələcəkdə bu jurnalla əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, jurnalın məsul katibi Elçin İbrahimov nəşr haqqında geniş söhbət açıb, humanitar elmlər sahəsində jurnalın türk dünyasında populyar olduğunu bildirib.
Sonda Elçin İbrahimov doktorant və dissertantların suallarını cavablandırıb.
Tədbirdə Səmərqənd Dövlət Universitetinin filologiya və tarix fakültəsinin professor-müəllim heyəti, dissertantlar, tələbələr iştirak ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd