Şəmkir rayonunda evlərdən oğurluq edən şəxs cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 28 fevral, AZƏRTAC
Ötən ilin dekabrında və cari ilin fevralında Şəmkir rayonu ərazisində 10 fərdi evdən oğurluq edən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalarla əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanovun rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurladığı müəyyənləşdirilib. Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib.
Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.