Şəmkirdə hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlər görülür
Şəmkir, 18 fevral, AZƏRTAC
Ötən gün axşam saatlarından başlayaraq respublikanın əksər rayonlarında olduğu kimi, Şəmkirdə də yağıntılı hava qarla müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağan qarın şəhər təsərrüfatına vura biləcəyi ziyanın aradan qaldırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə xüsusi komissiya yaradılıb və işçi heyət gücləndirilmiş iş rejiminə keçib.
Rayonda xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı hazırlanıb. Şəmkir sakinlərinin istilik, qaz, işıq və içməli su ilə təchizatında fasilələrə yol verilməməsi üçün görülmüş qabaqlayıcı tədbirlər nəticəsində əhalinin kommunal təminatında hər hansı problem olmayıb.