İQTİSADİYYAT
Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 25,3 faiz artmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Yanvar ayında Azərbaycanda sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faizlik artım əldə edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ölkədə 2,2 milyard kilovat-saat və ya 16,3 faiz çox elektrik enerjisi istehsal olunmuş, onun 7,1 faizi su elektrik stansiyalarının, 92,9 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.
2011-ci ildə elektrik və istilik enerjisinin istehsalına 4 milyard 866,7 milyon kubmetr təbii qaz, 86,8 min ton mazut və 2,6 min ton dizel yanacağı istifadə edilmişdir.
Ötən il ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 14,4 milyard kilovat-saat elektrik enerjisi istehlak edilmişdir.