SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev, Baş nazirin birinci müavini Artur Rasizadə və xarici işlər naziri Vilayət Quliyev MDB-nin üzvü olan digər ölkələrin prezidentləri, hökumət başçıları və xarici işlər nazirləri ilə birlikdə Birlik dövlətlərinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişaf etdirilməsinə dair 2002-ci ilin oktyabrın 7-də Dövlət Başçıları Şurasının qərarı ilə hazırlanmış sənədi, MDB-nin Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında Dövlət Başçıları Şurasının 1999-cu ilin aprelin 2-də qəbul olunmuş qərarına müvafiq hazırlanmış sənədi, 1941-1945-ci illər Böyük Vətən müharibəsinin 60-cı ildönümünün bayram edilməsinə hazırlıqla əlaqədar proqramı və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi” yubiley medalının əsasnaməsinin təsdiq olunması barədə sənədi, Dövlət Başçıları Şurasının 2001-ci il sentyabrın 28-də qəbul etdikləri qərara müvafiq olaraq, üzv ölkələrin dövlət büdcəsi hesabına Birliyin vahid büdcəsinə vəsaitlərin ödənilməsi haqqında sənədi imzaladılar.
MDB-nin üzvü olan ölkələrin dövlət başçıları, həmçinin Birlik dövlətlərinin Antiterror Mərkəzinin rəhbəri haqqında məsələyə baxaraq, Boris Mılnikovun bu mərkəzə rəhbərlik müddətinin daha üç il uzadılması haqqında qərar qəbul etdilər.
Daha sonra MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Bəyanatı imzalandı. Bəyanatda 2010-cu ilədək MDB çərçivəsində azad iqtisadi zonanın yaradılması Dünya Ticarət Təşkilatına və dünya iqtisadi məkanına inteqrasiya, milli nəqliyyat komplekslərindən istifadənin səmərəliliyinin artırılması, Birlik çərçivəsində daha perspektivli müştərək layihələrin işlənib hazırlanması və həyata keçirilməsi məsələləri öz əksini tapmışdır.