SENTYABRDA BİLƏSUVARDA 9 YENİ SOSİAL-İNFRASTRUKTUR VƏ İSTEHSAL SAHƏSİ İSTİFADƏYƏ VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Biləsuvarda Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə müəyyənləşdirilən vəzifələr uğurla yerinə yetirilməkdədir. Təkcə bu ilin sentyabrında rayonda 9 yeni sosial- infrastruktur və istehsal sahəsi istifadəyə veriləcəkdir. Gənclər və İdman Nazirliyinin sifarişi ilə Olimpiya İdman Kompleksinin, Təhsil Nazirliyinin sifarişi ilə hərəsi 220 yerlik iki kənd məktəbinin, Dövlət Kömrük Komitəsinin sifarişi ilə Sərhəd Buraxılış Məntəqəsinin, Milli Bankın sifarişi ilə bu qurumun Ərazi idarəsinin və Xüsusi İstedadı Olan Uşaqlar üçün lisey binalarının, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Yanğından Mühafizə Bölməsi bazasının, "Biləsuvar Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin Süd və Konserv zavodlarının inşası tamamlanmaq üzrədir.
Sosial-infrastruktur və istehsal sahələrinin açılması rayonun iqtisadi potensialını artırmaqla yanaşı, azı 500 nəfərin daimi iş yeri qazanmasına imkan yaradacaqdır.