SENTYABRIN 6-7-Sİ RUSİYADA MATƏM ELAN EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, Şimali Osetiyanın Beslan şəhərində terror aktı nəticəsində vətəndaşların həlak olması ilə əlaqədar Prezident Vladimir Putinin Fərmanı ilə sentyabrın 6-7-si Rusiyada matəm günləri elan edilmişdir.
Fərmanda deyilir: “Matəm günlərində ölkənin bütün ərazisində dövlət bayraqları endirilsin. RF hökuməti və RF subyektlərinin dövlət hakimiyyəti orqanları həlak olanların ailələrinə yardım göstərilməsi üçün zəruri tədbirlər görsün. Mədəniyyət müəssisələrinə və teleradio şirkətlərinə matəm günlərində əyləncəli tədbirləri və verilişləri dayandırmaq təklif olunsun”.
Qeyd etmək lazımdır ki, bütün dünya Rusiya xalqının dərdinə şərik çıxmış, bütün dövlətlər bu kədərli günlərdə Rusiya rəhbərliyi ilə həmrəy olduğunu bildirərək öz köməyini təklif etmişdir. Bu faciəli günlərdə Azərbaycan da Rusiyanı birinci dəstəkləyən dövlətlər arasında olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin bununla əlaqədar Prezident Vladimir Putinə teleqramında deyilir: “Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, dost Rusiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.