Sergey Şoyqu: Rusiya-İran qarşılıqlı əlaqələri yeni səviyyəyə yüksəlib
Bakı, 20 sentyabr, AZƏRTAC
ABŞ və müttəfiqlərinin bütün müqavimətlərinə baxmayaraq, Rusiya və İran tərəfindən planlaşdırılan bütün fəaliyyətləri həyata keçirməyi hədəfləyirik.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Tehranda iranlı həmkarı Məhəmməd Rza Aştiyani ilə görüşündə deyib. Şoyqu bildirib ki, Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə yüksəldikcə, sanksiyalar, təzyiqlər bunun faydasız olduğunu göstərir.
Bununla yanaşı, Şoyqu “Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyətə” hazır olduqlarını qeyd edib və Rusiya-İran dialoqunun intensiv şəkildə inkişaf etdiyini vurğulayıb.
Şoyqu əlavə edib ki, danışıqların yüksək dinamikası müdafiə sektorunda strateji tərəfdaşlıq və hərbi əməkdaşlığın daha da gücləndirilməsi üçün ümumi əhvali-ruhiyyəni təsdiqləyir.
İranın müdafiə naziri Aştiyani bildirib ki, İran ilə Rusiya arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
İki ölkənin “ortaq çağırışlarla, o cümlədən ABŞ-ın birtərəfli yanaşmaları ilə mübarizədə əməkdaşlıq etdiyini”, deyən Aştiyani, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS kimi qurumların inkişafının bunun göstəricilərindən biri olduğunu qeyd edib.
İranın bölgədə xarici qüvvələrin mövcudluğuna qarşı çıxdığını bildirən Aştiyani region ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin qorunmasının İranın qırmızı xətlərindən biri olduğunu deyib.
İranlı nazir həmkarına Qafqaz regionundakı problemlərin 3+3 formatında danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.