CƏMİYYƏT
“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi olub
Bakı, 29 aprel, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidmətində dahi öndərin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq bir sıra tədbirlər keçirilir. Aprelin 28-də DSX-nin, Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi-idman oyunlarının “Lənkəran” sərhəd dəstəsində final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin nazirliklərin regional idarələrinin nümayəndələrinin qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu vurğulayıblar.
Respublikamızın 35 rayonundan 161 məktəbin 805 şagirdinin iştirak etdiyi yarışın birinci və ikinci mərhələləri yekunlaşıb. Gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Mingəçevir şəhərindən “Qartal”, Lənkəran şəhərindən “Üfüq”, Neftçala şəhərindən “Sərhədçi”, İmişli rayonundan “Turan”, Cəlilabad rayonundan “Ləkin”, Ağstafa rayonundan “Sərhədçi”, Ordubad rayonunun “Xətailər”, Şəmkir rayonundan “Mübarizlər”, Qusar rayonundan “Zeyxur”, Qax rayonundan “Zəfər” və Oğuz rayonunun “Oğuz-3” olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.
Tədbir iştirakçıları və qonaqlar hərbi hissədə Heydər Əliyev ideoloji mərkəzini ziyarət edib, hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olublar. Lənkəran Rayon Mədəniyyət Evinin kollektivinin keçirdiyi konsert proqramını izlədikdən sonra məktəblilərin Lənkəran şəhərindəki Heydər Əliyev mərkəzinə və bir sıra tarixi muzeylərə maraqlı ekskursiyaları təşkil edilib.
“Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi mayın 4-dək davam edəcək. Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.