Sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ərazilərdən icazəsiz keçmək istəyən şəxslər məsuliyyətə cəlb olunacaqlar
Bakı, 12 iyun, AZƏRTAC
Fəaliyyətinə icazə verilən şəxslər sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ərazilərdən öz avtomobilləri ilə keçə biləcəklər. Lakin fəaliyyətinə icazə verilməyən şəxslər gizli yollarla da həmin əraziləri keçməyə cəhd edərsə onlar məsuliyyətə cəlb olunacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 12-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Kamran Əliyev diqqətə çatdırıb ki, İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarının bütün ərazilərində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğuna görə bu qadağa həmin rayonların kəndlərini də əhatə edəcək. Məsələn, İsmayıllı rayonundan keçən magistral yollarda hərəkət olacaq. Başqa rayona gedən şəxslər bu yollardan keçə bilər. Lakin həmin ərazidə saxlamaq qadağandır. Onsuz da həmin rayonların ərazisində heç bir obyekt işləməyəcək.