Səttar Möhbalıyev: Prezident İlham Əliyev xalqımıza növbəti qələbəni yaşatdı
Bakı, 20 sentyabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Prezident İlham Əliyev xalqımıza növbəti qələbəni yaşatdı. Bu, Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi bir oldu, bütöv oldu, “dəmir yumruğ”a dönərək Prezidentin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, qısa müddətdə - cəmi bir sutkadan da az vaxtda qələbə qazanmağı, qarşı tərəfi təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi. Ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını misli ilə aldı.
“Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Onlar məğlub və fərari ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı birləşmələr tərk-silah edilmədi, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif silahlı təxribatlara əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə hərtərəfli dəstək göstərdilər və sair. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin arxasına düşərək, münasibətlərin normallaşmasında maraqlı olmadılar. Təbii ki, Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü”, - deyə Milli Məclisin deputatı bildirib.
“Bu arada mən bir məsələyə də toxunmaq istərdim. Bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin başçısı İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur”, - deyə AHİK sədri əlavə edib.