SƏUDİYYƏ ƏRƏBİSTANININ MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Səudiyyə Ərəbistanının Milli bayramı - Məlikliyin elan olunması günü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi sentyabrın 23-də “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir.
Səudiyyə Ərəbistanının və Azərbaycanın dövlət himnləri səsləndi.
Səudiyyə Ərəbistanının respublikamızdakı səfiri Əli Həsən Cəfər qəbulda çıxıxş edərək bildirdi ki, Məlikliyin rəhbərliyi Azərbaycan ilə Səqdiyyə Ərəbistanı arasındakı münasibətlərə böyük əhəmiyyət verir. Onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğal olunmuş bütün torpaqların azad edilməsinə tərəfdardır. Səudiyyə Ərəbistanının hökuməti və qeyri-hökumət təşkilatları Azərbaycan qaçqınlarına daim yardım göstərirlər. Səfir onu da vurğuladı ki, bu il ölkəsinin milli bayramı digər tarixi hadisə - Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimi ilə bir vaxta düşmüşdür. Səudiyyə Ərəbistanı bu layihənin maliyyələşdirilməsində iştirak edir və ölkənin energetika nazirinin müavini təməlqoyma mərasimində iştirak etmişdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov Səudiyyə Ərəbistanı Məlikliyinin rəhbərliyini və bu ölkənin bütün dost xalqını Azərbaycan Prezidenti Heydər Əliyevin adından təbrik edərək bildirdi ki, ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldıqdan sonra əlaqələr daim inkişaf edir. O vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına xüsusi təkan vermişdir. Milli Məclisin sədri Azərbaycan qaçqınlarına daim humanitar yardım göstərdiklərinə görə dost ölkənin rəhbərliyinə minnətdarlığını bildirdi.
Qəbulda Milli Məclis sədrinin müavinləri, baş nazirin müavinləri, nazirlər, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, digər rəsmi şəxslər iştirak edirdlər.