AZƏRTAC-ın Ər-Riyaddan aldığı xəbərə görə, Səudiyyə Ərəbistanında kral sülaləsinin çoxsaylı nümayəndələrindən biri, 19 yaşlı şahzadə Fəhd ben Nəif qatili olduğu yeniyetmənin atası tərəfindən əfv edilmişdir. Səudiyyə Ərəbistanı mətbuatının verdiyi məlumatda bildirilir ki, “haqqın cəza qılıncı” şahzadənin başı üzərinə çəkildiyi anda, o, iki il əvvəl qətlə yetirdiyi 17 yaşlı yeniyetmənin atasına xitabən demişdir: ”Allah xətrinə, məni xilas elə, Allah da səni cəhənnəm əzabından qoruyar”. Bu zaman ürəyinə oğul dağı çəkilmiş ata rəhmə gəlmiş və o, canini əfv etmişdir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında şəriət qanunları hökm sürür. Hər il onlarca cani camaat qarşısında edam olunur. Lakin şəriətə görə, hətta ən qatı caninin də öz həyatını xilas etmək imkanı var. Bu, yalnız öldürülənin qohumları qan bahası ödənilməsinə razılaşdıqda mümkündür.
Ötən il 52 adam edam cəzasına məhkum olunmuşdur ki, bu da 2002-ci ildəkindən bir qədər çoxdur. O zaman 45 caninin boynu vurulmuşdu.