SİYASƏT
Sevinc Fətəliyeva: Beynəlxalq birlik sülhə gəlməsi üçün Ermənistana təzyiq etməlidir

Bakı, 3 iyun, AZƏRTAC
Son zamanlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişi üzrə danışıqlar prosesi kifayət qədər intensivləşib. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını istəyən beynəlxalq vasitəçilər bu məqsəd üçün müxtəlif təşəbbüslər irəli sürürlər. İyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilən beştərəfli görüş də bölgədə sülhün təmin edilməsinin müzakirəsi baxımından növbəti addım oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Beştərəfli görüşün pozitiv müstəvidə keçdiyini bildirən deputat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəsilə aparılan bu danışıqların daha çox koordinasiya xarakteri daşıdığını vurğulayaraq deyib: “Bütövlükdə əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır. Azərbaycan Brüssel formatını dəstəkləyir. Çünki bu format çərçivəsində tərəflər müəyyən məsələlərlə bağlı müəyyən razılığa gəliblər”.
Azərbaycanın bölgədə sülhə nail olmaq üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəklədiyini vurğulayan S.Fətəliyeva qeyd edib ki, ona görə də dövlətimiz müxtəlif platformalarda təşkil olunan görüşlərdə iştirak edir. Moldovada baş tutan beştərəfli görüş də bu baxımdan dəyərləndirilməlidir. Fransa və Almaniya liderlərinin burada iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb. Bu görüşdə də əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda nəzərdə tutulan görüşündə əsas danışıqların sülh müqaviləsi ilə bağlı olacağını qeyd edən Sevinc Fətəliyeva deyib: “Danışıqlar prosesində intensivliyin artması sülhün əldə edilməsinə olan ümidləri də artırır. Lakin Ermənistan çox vaxt qeyri-konstruktiv mövqe nümayiş etdirərək razılaşmaları pozur. Ona görə də beynəlxalq birlik sülhə gəlməsi üçün Ermənistana təzyiq etməlidir”.