“Shamkir Chess 2016” turnirinin iştirakçıları futbol matçında güclərini sınayıblar
Şəmkir, 1 iyun, S.Allahverdiyeva, AZƏRTAC
Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” turnirinin iştirakçıları istirahət günündə futbol oynayıblar. Topa ilk zərbəni qadın şahmatçılar arasında dünya çempionu Hou Yifan vurub.
AZƏRTAC xəbər verir ki, Şəmkir Olimpiya Kompleksində baş tutan yarışın ilk mərhələsində jurnalist və şahmat şərhçilərindən ibarət “Media” komandası şahmatçılara 9:1 hesabı ilə qalib gəlib. Şahmatçıların komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Pavel Elyanov, Fabiano Karuana, Sergey Karyakin çıxış ediblər.
Digər görüşdə Şəmkir İcra Hakimiyyətinin komandası təşkilatçılara - “Synergy Group”un təmsilçilərinə uduzub - 0:3. Finalda “Media” komandasını 2:1 məğlub edən “Synergy Group” turnirin qalibi olub.