Şimal-qərb bölgəsində sertifikatlaşdırma prosesinin ikinci günündə 307 müəllim iştirak edib
Şəki, 18 iyun, AZƏRTAC
Şimal-qərb bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Sertifikatlaşdırma prosesinin ikinci günündə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 307 təhsilverən imtahanlarda iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, iyunun 18-də keçirilən imtahanda təsviri incəsənət, musiqi, kimya, fizika və biologiya fənləri üzrə tədris aparan təhsilverənlər iştirak ediblər.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.
Sertifikatlaşdırma prosesi iyunun 17-19-u və 23-25-i tarixlərini əhatə edəcək.
Müxbir – Mustafa Dadaşov