“SİNEMATOQRAF”IN İLK NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Ölkəmizin həyatında əlamətdar hadisə olan Azərbaycan kinosunun 104 illiyi ərəfəsində “Sinematoqraf” jurnalının ilk nömrəsi oxucuların mühakiməsinə verilmişdir.
“Heydər Əliyev və kino” mövzusuna həsr olunmuş nəşr mədəniyyət nazirinin müavini, kinorejissor, Dövlət mükafatı laureatı, Avropa kino və televiziya, Avrasiya televiziya akademiyalarının üzvü Vaqif Mustafayevin oxuculara müraciəti ilə açılır. Sovet dövründə də Azərbaycan kinosunun öz milli siması və çalarları olan sənət nümunələrinin yarandığını, lakin bunların hansı zəhmət hesabına və hansı maneələri aşaraq ekrana yol tapdığını adi tamaşaçıların bilmədiyini vurğulayan rejissor yazır ki, jurnalın əsas missiyası da həmin qaranlıq məqamları işıqlandırmaq, Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəmzin kino sənəti üçün gördüyü nəhəng işləri xatırlamaqdır.
Jurnalın bu nömrəsində 1995-ci ildə respublika Kinematoqrafçılar İttifaqının qurultayında dövlətimizin başçısının yekun nitqi, 2000-ci ildə Bakıda keçirilən IV Beynəlxalq “Şərq-Qərb” kinofestivalının açılış mərasimindən sonra qonaqlarla görüşdə çıxışı, 1999-cu ildə Gürcüstan Kinematoqrafçılar İttifaqının baş katibi Lomer Axvleidiani və kinorejissor Vaqif Mustafayev ilə görüşü barədə geniş material, unudulmaz sənətkarımız Rəşid Behbudovun xatirə gecəsində görkəmli mügənni və onun iştirakı ilə çəkilən məşhur “Arşın mal alan” filmi haqqında söylədiyi fikirlər verilmişdir. Məşhur kino xadimləri A.Batalovun, A.Maxaradzenin, E.Lotyanunun Azərbaycan Prezidenti Heydər Əliyev, ölkəmizin kino sənəti barədə fikirləri maraq doğurur.
Əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadənin “Milli kinomuzun təəssübkeşi və hamisi” sərlövhəli geniş məqaləsində Azərbaycan Prezidenti Heydər Əliyev mədəniyyətin bu mühüm sahəsinə diqqət və qayğısını bir daha sübut edən konkret faktlardan - “Neft və milyonlar səltənətində” filminin 60 illiyinin qeyd olunmasından, kinomuzun tarixinin 1898-ci ildən başlanmasının rəsmiləşdirilməsindən söhbət açılır.
“Sinematoqraf”ın ilk buraxılışında AZƏRTAC-ın materiallarından, rəsmi fotoxronikadan, Prezidenti Katibliyinin hazırladığı “Heydər Əliyev mədəni irsimizin keşiyində” kitabından istifadə olunmuşdur.