Şirvanda Aprel şəhidi Rahil Ərəblinin xatirəsi anılıb
Şirvan, 16 aprel, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində Aprel döyüşlərində şəhid olmuş Rahil Ərəblinin doğulub boya-başa çatdığı qəsəbədə, əvvəllər yaşadığı evin yanında yeni inşa olunmuş “Şəhid Rahil Ərəbli” guşəsi önündə anım tədbiri keçirilib.
Xatirə guşəsinin açılışında Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, şəhid Rahil Ərəblinin keçdiyi həyat yolundan və xidməti borcunu yerinə yetirərkən göstərdiyi sücayətlərdən danışıb.
O, belə vətənpərvər övlad böyütdüyünə görə şəhidin valideynlərinə öz minnətdarlığını ifadə edib, “Şəhid Rahil Ərəbli” xatirə guşəsinin inşasında əməyi olanlara minnətdarlığını ifadə edib.
Xatirə guşəsinin açılışında iştirak edən şəhidin valideynləri Narıngül Ərəbova və Rafiq Ərəbov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya, eyni zamanda koronavirus pandemiyasına qarşı təşkil edilən yüksək səviyyəli mübarizəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.