SİYASƏT
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi Azərbaycanın demokratik inkişafının göstəricisidir
Bakı, 21 aprel (AZƏRTAC). Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi Azərbaycanın demokratik inkişafının göstəricisidir. Ayrılan maliyyə vəsaiti partiyaların fəaliyyətini daha da yaxşılaşdıracaqdır. Yeni Azərbaycan Partiyası (YAP) da ayrılan maliyyə vəsaitindən istifadə edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsinə münasibət bildirərkən demişdir.
Ə. Əhmədov bildirmişdir ki, YAP parlament seçkilərində qalib gələrək Milli Məclisdəki yerlərin 85 faizini tutmuşdur. Uğurlu fəaliyyətin nəticəsində ötən 2011-ci ildə 25 min nəfər YAP-a üzv olmuşdur. Bu gün partiyanın 560 mindən çox üzvü vardır. Bu rəqəmlər sadəcə olaraq statistika deyil, vətəndaşların siyasi mövqeyinin göstəricisidir.