SOCAR-ın idarə və müəssisələrində yaz iməcilikləri təşkil olunub
Bakı, 25 aprel, AZƏRTAC
SOCAR-ın bir sıra idarə və müəssisələrində növbəti şənbə iməciliyi keçirilib.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaşıllıq sahələrində keçirilən yaz iməciliyində 60 nəfər iştirak edib. Burada 200 zeytun ağacı, 100 Eldar şamı əkilib, 5000 ağaca aqrotexniki qaydada qulluq göstərilib, 2100 kvadratmetr sahəyə 300 kiloqram qazon toxumu səpilib.
SOCAR-ın digər strukturlarında olduğu kimi, ''Qaz İxrac'' İdarəsində də ekoloji siyasət uğurla davam etdirilir. İdarənin əməkdaşları qurumun ərazisində iməcilik keçirərək, əvvəlki illərdə əkilmiş ağac və gül kollarına aqrotexniki qulluq göstəriblər.
Yaz aylarında Ekologiya İdarəsi tərəfindən yaşıllaşdırma işləri üçün ağac-kol tədarükü, eyni zamanda ağac və gül kollarının əkilməsi işləri fəal surətdə davam etdirilir.
Belə ki, Ekologiya İdarəsinin 50 nəfər əməkdaşının iştirakı ilə Balaxanı istehsalat sahəsində keçirilən iməcilikdə 150 Eldar şamı, 10 zeytun, 310 mövsümi gül kolu və 10 aleandr əkilib. Əkilmiş ağac və gül kollarına aqrotexniki qulluq göstərilib.
Bundan əlavə, ərazidəki ağacların gövdələri əhənglənib, suvarma işləri aparılıb, sahələr alaq otlarından təmizlənib.
Ekologiya İdarəsinin kollektivi tərəfindən növbəti həftələrdə də iməciliklərin keçirilməsi nəzərdə tutulub.