SOCAR istiqraz sahiblərinin qazancı 10 milyon dolları ötüb
Bakı, 1 fevral, AZƏRTAC
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının 9-cu faiz ödənişi fevralın 1-də istiqraz sahiblərinin hesablarına köçürülüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjasında yerləşdirildiyi 3 illik müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilmiş SOCAR istiqrazları 9-cu kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min dollar gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 10 milyon 125 min dollarına yüksəlib (5 ilin yekununda toplam kupon gəliri 22,5 milyon dolları təşkil edəcəkdir).
Təkrar bazar əməliyyatları həcminin 40 milyon dollara çatması, bağlanmış əqd sayının 700-ə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu davam etdirməsi SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və Azərbaycanda qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR istiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı enməyib.
SOCAR istiqrazlarının növbəti kupon ödənişi mayın 1-də baş tutacaq.