SOCAR tərəfindən IP-nin səhmlərinin alınması prosesi tamamlanıb
Bakı, 8 may, AZƏRTAC
SOCAR tərəfindən “Italiana Petroli” (IP) şirkətinin səhmlərinin 99,82 faizinin “API Holding”dən alınması prosesi tamamlanıb.
Sövdələşmə bütün zəruri tənzimləyici təsdiqlər alındıqdan sonra yekunlaşdırılıb.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 90 ildən artıq tarixə malik “IP Qrup” İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində mühüm rol oynayır. Şirkət iki neft emalı zavodu, saxlama obyektləri və ölkə üzrə geniş pərakəndə satış şəbəkəsini əhatə edən inteqrə olunmuş sənaye logistika sistemi əsasında fəaliyyət göstərir.
Bu satınalma nəticəsində IP beynəlxalq enerji şirkəti olan SOCAR-ın tərkibinə daxil olaraq Avropa enerji bazarındakı mövqeyini daha da möhkəmləndirib. Bu xüsusda, İtaliya SOCAR-ın Avropada əsas bazarlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Belə ki, SOCAR Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə İtaliyaya xam neftin əsas təchizatçılarından biridir, eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkəyə təbii qaz tədarükünün şaxələndirilməsinə töhfə verir. Bu baxımdan, sövdələşmə dəyişən bazar şərtləri və dayanıqlılıq prioritetlərinə uyğun olaraq SOCAR-ın inteqrə olunmuş və davamlı beynəlxalq fəaliyyətinin daha da genişləndirilməsi strategiyasına xidmət edir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, satınalma prosesinin tamamlanması Azərbaycan ilə İtaliya arasında enerji sektorunda uzun illər ərzində formalaşan əməkdaşlığın mühüm mərhələsidir. Bu, qarşılıqlı etimada və davamlı iqtisadi əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın məntiqi davamıdır. Bu çərçivədə, SOCAR-ın İtaliyadakı yanaşması davamlılıq, əməliyyat sabitliyi və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır.
“IP-nin geniş şəbəkəsini və təcrübəsini öz fəaliyyətimizə inteqrə edərək şirkətin uğurunu şərtləndirən üstünlükləri qoruyur və Avropa bazarındakı mövqeyimizi daha da möhkəmləndiririk. Bu inteqrasiya vasitəsilə beynəlxalq portfelimiz üzrə dayanıqlı inkişafı, sənaye etibarlılığını və uzunmüddətli dəyər yaradılmasını təşviq edirik”, - deyə Rövşən Nəcəf vurğulayıb.
SOCAR IP-nin bazardakı güclü mövqeyinin, brend nüfuzunun və əməliyyat imkanlarının qorunub saxlanılmasına və daha da təkmilləşdirilməsi prinsipinə sadiqdir. Eyni zamanda, şirkət əməkdaşların peşəkarlığının və təcrübəsinin dəstəklənməsini, müştərilər və tərəfdaşlar üçün fasiləsiz fəaliyyətin təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib.