Son illər Biləsuvar rayonunda mühüm infrastruktur layihələri reallaşdırılmışdır
Biləsuvar, 22 yanvar (AZƏRTAC). Yanvarın 22-də Biləsuvar rayonunun İsmətli kənd ərazi icra nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
Ərazi icra nümayəndəliyinin əhatə etdiyi kənddə yaşayan əhalinin sayı 3994 nəfərdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr bu yaşayış məntəqəsinin də sosial simasında əsaslı irəliləyişə səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, hesabat yığıncağında bu barədə məlumat verən kənd icra nümayəndəsi Mübariz Mirsəlimov bildirmişdir ki, rayonda aparılan geniş abadlıq-quruculuq işləri İsmətli kəndini də əhatə etmiş və buranın işıq, qaz, su və digər problemləri, demək olar ki, tam həllini tapmışdır.
Regionların inkişafı ilə bağlı dövlət siyasətinin real nəticələrindən danışan kənd sakinləri qeyd etmişlər ki, dövlətimizin başçısının tapşırığı ilə son illər Biləsuvarda mühüm infrastruktur layihələr reallaşdırılmışdır. İsmətli kəndində aparılan işləri də bu layihələrin tərkib hissəsi kimi dəyərləndirən natiqlər kənddə üçmərtəbəli, 640 yerlik yeni məktəb binası, 472 abonentin “mavi yanacaq”dan istifadə etməsini və yaxın günlərdə kəndin qazlaşdırılmasının başa çatacağını bunun bariz nümunəsi kimi səciyyələndirmişlər.
Bildirilmişdir ki, kənd elektron ATS və internetlə təmin olunmuş, 69 nəfər internet xidmətindən yararlanmış, poçt binası tikilmişdir. Kənddə həkim məntəqəsi fəaliyyət göstərir. Hazırda dövlətimizin başçısının müvafiq Sərəncamı əsasında 11 kilometrlik Ağayrı-Çinarlı-İsmətli-Əliabad yolu tikilir və artıq burada torpaq işləri yekunlaşmışdır.
Görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq edən sakinlər şor kollektorların lildən təmizlənməsi, ötən əsrin 60-cı illərində qurulan elektrik təsərrüfatının yeniləşdirilməsi, kənddə modul tipli sutəmizləyici qurğunun quraşdırılması ilə bağlı təkliflər vermişlər.
Hesabat yığıncağında qarşıda duran vəzifələr müzakirə edilmiş, müvafiq qərar qəbul olunmuşdur.