Pakistanlı iştirakçı: Düşünürəm ki, WUF13 şəhərlərin düzgün layihələndirilməsinə töhfə verəcək
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun (WUF) yeni planlanan şəhərlərin daha düzgün salınmasında böyük rolu var.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-ün pakistanlı iştirakçısı Mohabat Ali deyib. O bildirib ki, şəhərsalma ilə bağlı cəlbedici layihələr icra olunsa da, bəzi detalların diqqətdən qaçması layihələrin səmərəliliyinə kölgə sala, insanların həyat şəraitinə ciddi təsir göstərə bilər. Buna görə də yeni yaşayış məntəqələri salınarkən kanalizasiya, su və qaz xətləri əvvəlcədən peşəkar şəkildə planlaşdırılmalı və layihələndirilməlidir. Düzgün qurulmuş infrastruktur gələcəkdə yarana biləcək bir çox problemin qarşısını alır.
“WUF13-də dayanıqlı şəhərlərin necə qurulması, hansı detalların daha çox diqqətdə saxlanılması, inklüzivliyin hansı yollarla təmin edilməsi mütəxəssislər və müxtəlif qurumların iştirakı ilə müzakirə olundu. Düşünürəm ki, WUF13 şəhərlərin düzgün layihələndirilməsinə töhfə verəcək”.