Son illərdə vaxtından əvvəl doğuşlarda artım müşahidə edilir
Bakı, 18 noyabr, AZƏRTAC
Son illərdə vaxtından əvvəl doğuşlarda artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə keçirdiyi Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Gününə həsr olunan konfransda deyilib. Yenidoğulmuşların qısa zaman çərçivəsində sağlamlıq problemlərinin aradan qaldırılması və reanimasiyasında müasir tibbi avadanlıqların effektiv rolundan bəhs edilib.
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə vaxtından əvvəl doğulmuş kritik az çəkili körpələrin reanimasiya və intensiv terapiyasının uğurla aparılmasının, standartlara uyğun yüksək tibbi xidmətin dövlətin demoqrafik göstəricilərinə də müsbət təsir göstərdiyini deyib. T.Tağı-zadə bir müddət öncə 600 qram bədən kütləsi ilə dünyaya gələn körpənin sağlam inkişafına nail olduqları üçün fədakar pediatr və neonatoloqlara dərin minnətdarlığını bildirib.
ÜST-ün tövsiyələrinə əsasən, doğuş, diri doğulma hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsi abort kimi qəbul edilir. Əvvəllər isə hamiləlik 28-ci həftədən hesablanırdı, sonradan onu daha 6 həftə irəli çəkiblər. Bununla yanaşı, beynəlxalq qaydalara uyğun olaraq yeni doğulan körpənin çəkisi 500 qram və ya artıq olmalı, ən azı 4 həyat əlamətindən - sərbəst nəfəs, ürək döyüntüsü, göbək bağının döyünməsi və əzələlərin sərbəst hərəkətinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.