SON MƏNZİLƏ
Mərhumla vida mərasiminə dövlət və hökumət nümayəndələri, ziyalılar, alimin həmkarları gəlmişdilər. Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xüsusi xidmətləri olan bu insanın cənazəsi önündə tanınmış alimlər, ziyalılar, elmi ictimaiyyətin nümayəndələri fəxri qarovulda dayanırdılar.
Matəm mitinqində AMEA-nın prezidenti Mahmud Kərimov, Yazıçılar Birliyinin sədri Anar, akademik Bəkir Nəbiyev, Milli Məclisin deputatı Vaqif Səmədoğlu, filologiya elmləri doktorları Şamil Salmanov, Nizaməddin Şəmsizadə və Şamil Vəliyev çıxış edərək Kamal Talıbzadənin həyat və yaradıcılığından, zəngin elmi fəaliyyətindən söz açmış, onu nəcib bir insan, xeyirxah ziyalı kimi dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə ədəbi tənqid tarixinin yaradılması və müstəqil elmi sahə kimi təşəkkülü məhz Kamal Talıbzadənin adı ilə sıx bağlıdır. Onun yaradıcılığı milli ədəbiyyatşünaslıqda yeni tədqiqat istiqamətlərinin formalaşmasına müsbət təsir göstərmişdir. Alimin ədəbiyyatın inkişaf qanunauyğunluqlarına, müasir ədəbi-nəzəri fikrin problemlərinə həsr etdiyi əsərlər Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətləridir.
Alimin müxtəlif ölkələr arasında ədəbi əlaqələrin gücləndirilməsində göstərdiyi böyük səylər, fəal təşkilatçısı və iştirakçısı olduğu beynəlxalq elmi toplantılardakı məzmunlu çıxışları xatırladılmışdır.
Natiqlər görkəmli tənqidçi alimin səmərəli elmi yaradıcılıqla yanaşı, müxtəlif illərdə respublikanın ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olduğunu da bildirmiş, onun yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmin təbliğinə böyük qüvvə və bacarıq sərf etdiyini vurğulamışlar. Bildirilmişdir ki, Kamal Talıbzadənin rəhbərliyi ilə onlarca elmlər namizədi və doktoru hazırlanmışdır.
Azərbaycan yazıçıları və şairlərinin əsərlərinin mətnşünaslıq prinsipləri əsasında işıq üzü görməsində Kamal Talıbzadənin böyük əməyi vardır. O, həm də Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasının əsas təşkilatçıları və müəlliflərindən biridir.
Azərbaycan ədəbiyyatşünaslığının inkişafında alimin xidmətləri yüksək qiymətləndirilmiş, o, müstəqil respublikamızın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Mərhumun qızı Ülkər Talıbzadə atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidentinə və elmi ictimaiyyətə minnətdarlığını bildirmişdir.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi qaldırılaraq, İkinci Fəxri xiyabana gətirildi və torpağa tapşırıldı, ruhuna dua oxundu.
Allah rəhmət eləsin!