Son üç ildə qızıl və gümüş satışından iqtisadiyyata 399,3 milyon manat vəsait cəlb edilib
Bakı, 18 fevral, AZƏRTAC
2017-ci ildən etibarən 3 il ərzində Azərbaycanda 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 399,3 milyon manat həcmində vəsait cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlara görüşdə çıxış edən "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.
"Bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 milyon manatdan çox vergi və rüsumlar ödənilib (bundan 3,8 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 26,8 milyon manat isə vergi şəklində ödənilib). Hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda satışı ilə yanaşı, hazırda Dövlət Neft Fondu, “Azərsuvenir” MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır", - deyə Z. İbrahimov qeyd edib.
O deyib ki, Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilib. Hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilməkdədir: “Məhsullarımız müvafiq keyfiyyət sertifikatı ilə təmin edilir ki, bu da alıcıların hüquqlarının Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin olmaması fonunda etibarlı təminatı kimi çıxış edir. Lakin məmulatlarımızın Azərbaycan mənşəli xammaldan istehsal olunduğuna görə, xammal üzrə gömrük rüsumu ödənilməsə belə, təəssüflə qeyd etməliyəm ki, hazırda bazarda mövcud oxşar tipli məhsulların qiyməti bizim məhsullardan aşağıdır. Bənzər kateqoriyadan olan idxal məhsullarının daha ucuz qiymətlə bazarda təklif edilməsinin əsas iki səbəbi ola bilər: bazar iştirakçılarının məhsulları alternativ yollarla (yəni qaçaqmalçılıq, vergilərdən yayınma və sair) satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi.
Z. İbrahimovun sözlərinə görə, “AzerGold” QSC isə fəaliyyətini tam şəffaf quraraq bütün növ vergi və rüsumları qanunvericiliyin tələblərinə uyğun ödəyir ki, bu da, öz növbəsində, digər aidiyyəti xərclərlə yanaşı, məhsulun maya dəyərinə nəzərəçarpacaq təsirini göstərmiş olur. Nəticədə yaranmış situasiya Azərbaycan kimi zəngin zərgərlik təcrübəsinə və tarixi ənənələrə malik olan bir ölkədə şəffaf çalışan qurumların rəqabətədavamlı fəaliyyət aparmasına müəyyən əngəllər yaradır.
"Məlumdur ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24 faiz təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri 46 faizədək artır. Sadaladığım ölkələrdə qızıla aksiz vergisi tətbiq edilmir. Yerli bazarda satışa çıxarılan məhsulların bu həddə vergi və rüsumlar ilə yüklənməsi bazar iştirakçıları tərəfindən xammalı alternativ yollarla əldə edərək alternativ yollarla istehsal etməyə və eyni qaydada da satışa çıxarmağa sövq edir", - deyə QSC-nin rəhbəri bildirib.
O, həmçinin əlavə edib ki, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlə yanaşı, bir sıra sosial problemlərə gətirib çıxara bilər.
“Bildiyiniz kimi, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Əyar Palatası icra edirdi, hazırda isə bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır. Bütün bunlar nəzərə alınmaqla, qeyd etmək istəyirəm ki, bazar iştirakçılarının dünya birjalarına uyğun qiymətə dayanıqlı xammalla təchiz edilməsi həm bazarda şəffaflığın təminatına, həm də ixrac potensialının artırılmasına dəstək ola bilər. Eyni zamanda, bu sahədə çalışan həm idxalçılar, həm yerli istehsalatçılar üçün təşviq mexanizmlərinin və maliyyə alətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə bazarın daha da şəffaflaşmasına xidmət edə, ölkə iqtisadiyyatında zərgərlik sektorunun rolunu artıra bilər", - deyə Z.İbrahimov bildirib.