Sorğu: ABŞ Prezidenti Amerikanın ərəb icmasının dəstəyini itirib
Bakı, 1 noyabr, AZƏRTAC
Yeni sorğuya əsasən, oktyabrın 7-də Fələstinin HƏMAS qrupu İsrailə qarşı qəfil hücuma keçdikdən sonra ABŞ Prezidenti Co Bayden Amerikanın ərəb icmasının dəstəyini xeyli itirib.
Ərəb Amerika İnstitutunun son rəqəmləri göstərir ki, Co Baydenin 2024-cü ildə yenidən dövlət başçısı seçilməsi üçün ərəb əsilli amerikalılar tərəfindən dəstəyi 59 faizdən 17 faizə düşüb. Bu, 2020-ci ildən bəri Prezidentin dəstəyinin 42 faiz itirilməsi deməkdir.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, oktyabrın 23-27-də 500 ərəb əsilli amerikalı arasında keçirilən sorğu, həmçinin Co Baydenin icma daxilində ümumi bəyənmə reytinqinin 2020-ci ildəki 74 faizdən 2023-cü ildə 29 faizə düşdüyünü göstərib. Bu, həm də “bütövlükdə Amerika ictimaiyyəti üzrə tendensiyaları əks etdirir. "
Sorğuda əks olunan rəqəmlər təxminən 3,7 milyon ərəb əsilli amerikalının yaşadığı ABŞ-da qarşıdan gələn prezident seçkilərində böyük fərq yarada bilər. Ərəb Amerika İnstitutu qeyd edir ki, 2024-cü il seçkilərində Miçiqan, Ohayo və Pensilvaniya kimi bir neçə əsas ştatlarda yüz minlərlə ərəb seçici əks düşərgəyə səs verə bilər.
Sorğuya görə, seçki bu gün keçirilsəydi, ərəb əsilli amerikalıların 40 faizi keçmiş Prezident Donald Trampa, sadəcə 17,4 faizi Co Baydenə səs verəcəkdi. Digər 25,1 faiz isə qərarsız olduğunu bildirib. İnstitutun hesabatında qeyd olunub: “Prezidentə və onun siyasətinə mənfi baxışların ümumi təsiri təkcə 2024-cü ildə gözlənilən seçici dəstəyinin əhəmiyyətli dərəcədə azalması ilə özünü göstərmir, həm də Demokratlar partiyasının vəziyyətinə dramatik təsir göstərir”.
Sorğu nəticəsində, həmçinin məlum olub ki, ərəb əsilli amerikalıların 67 faizi Co Baydenin davam edən İsrail-Fələstin münaqişəsinə reaksiyasına mənfi baxır, 68 faiz isə ABŞ-ın İsrailə silah və hərbi təchizat göndərməməli olduğuna inanır.
Eyni zamanda, ərəb əsilli amerikalıların 67 faizi antisemitizmin artmasından narahatdır.