Sorğu: Polşada Donald Tuskun partiyasına dəstək azalıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Donald Tuskun rəhbərliyi altında keçirilən parlament seçkilərindən bir il sonra Polşa hökuməti öz mövqeyini möhkəmlədə bilməyib.
AZƏRTAC xəbər verir ki, bunu “Opinia24” tədqiqat mərkəzinin keçirdiyi son sorğunun nəticələri göstərir.
Məlumata görə, hazırda Donald Tuskun “Vətəndaş” koalisiyası polşalıların 35,3 faizinin, Yaroslav Kaçinskinin müxalif “Hüquq və Ədalət” partiyası 33,5 faizinin, “Avroskeptiklər Konfederasiyası” 12,5 faizinin, “Üçüncü yol” birliyi 7,1 faizinin, yeni solçular isə 5,9 faizinin dəstəyinə malikdir.
“Sorğu ölkənin iki əsas partiyası arasında gərgin mübarizə getdiyini, konfederasiyanın gücləndiyini və 10 faizlik sabit elektorata malik olduğunu, solçuların isə zəiflədiyini göstərir”, - deyə “Gazeta Wyborcza” nəşri tədqiqatın nəticələrini şərh edərkən yazıb.
Beləliklə, seçkilərin indi keçiriləcəyi təqdirdə Donald Tuskun solçular və “Üçüncü Yol” birliyi ilə hazırkı hakim koalisiyası Seymdə cəmi 218 yer əldə edəcəkdi. “Hüquq və Ədalət” partiyası isə konfederasiya ilə ittifaqda 242 yer qazanaraq çoxluğa yiyələnə bilərdi.
Oktyabrın 7-9-da telefon vasitəsilə keçirilən sorğuda min nəfər iştirak edib.
Xatırladaq ki, Polşanı səkkiz il idarə edən Yaroslav Kaçinskinin partiyası 2023-cü il oktyabrın 15-də keçirilən parlament seçkilərində 194 yer qazanaraq hakimiyyəti itirib. Seymdə 157 deputatla təmsil olunan müxalif “Vətəndaş Koalisiyası”, 65 mandat əldə edən “Üçüncü Yol” birliyi və 26 deputatla təmsil olunan solçular hakim koalisiyada birləşərək ölkənin yeni hökumətini formalaşdırıb.