MƏDƏNİYYƏT
SOROÇİNTSI YARMARKASININ CAZİBƏSİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukraynanın Poltava vilayətinin Velikie Soroçintsı kəndində X milli yarmarka keçirilir.
Hələ rus yazıçısı Nikolay Qoqolun tərənnüm etdiyi Soroçintsı yarmarkası artıq çoxdandır ki, vilayətin, hətta Ukraynanın sərhədlərini aşaraq, beynəlxalq tədbirə çevrilmişdir.
Builki yarmarkada Azərbaycan, Gürcüstan, Özbəkistan, Macarıstan, Litva, Rusiya, Argentina, Kanada kimi ölkələr iştirak edirlər.
Mahnısız, rəqssiz yarmarka olarmı? Bir neçə gün ərzində iştirakçılar və qonaqlar Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” ansamblının üzvlərinin ifasında mahnıları böyük maraqla dinləmişlər. Ansambla Ukraynanın əməkdar artisti Qurban Abbasov rəhbərlik edir.
Xarkovlu sahibkar Əli Əliyevin “Azərbaycan mətbəxi” pavilyonunda qonaqlara təqdim etdiyi milli xörəkləri dadanlar heyrətini gizlədə bilmirdilər. Azərbaycan-Ukrayna-Fransa birgə müəssisəsinin məhsulları, o cümlədən “Bakı-Ceyhan” konyakı, “Perlina Azərbaycanu” (“Azərbaycan incisi”) şərabının təqdim olunduğu pavilyonda qızğın ticarət gedirdi.
Yarmarka münasibətilə buraxılan kataloqda Ukraynanın ali rəhbərliyinin təbrikləri dərc olunmuş, birinci səhifədə Azərbaycan haqqında da geniş informasiya verilmişdir.
Tədbirlərdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları fəal iştirak etmişlər.
Növbəti yarmarka daha geniş keçiriləcək və Nikolay Qoqolun 200 illik yubileyinə həsr olunacaqdır.