Şotlandiyalı tuluq zurnaçıları İçərişəhərdə Müqəddəs Endryu gününü qeyd etmişlər
Bakı, 23 noyabr (AZƏRTAC). Hər il olduğu kimi bu il də ənənəvi olaraq şotlandlar Bakıda Müqəddəs Endryu gününü qeyd etmişlər.
AZƏRTAC xəbər verir ki, Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi noyabrın 23-də milli geyimdə olan Şotlandiya milli musiqi ifaçılarından ibarət zurnaçılar qrupu İçərişəhərdə bayram yürüşü keçirmişlər.
Şotland tuluq zurnaçıları parada öz musiqilərini səsləndirərək Qoşa qala qapısının qarşısındakı əsas meydanda başlamış, daha sonra Müqəddəs Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçmişlər.
Tuluq zurnaçılarının nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edərək, Qız qalasının yaxınlığında başa çatmışdır. Sonda Qız qalasının qarşısındakı meydanda şotland musiqisinin sədaları altında milli rəqslər nümayiş olunmuşdur. İçərişəhərdə əsl bayram abu-havası yaşanmışdır.
Qeyd edək ki, şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirirlər.
Musiqiçilər bu günü qeyd etmək üçün Şotlandiyadan Bakıya gələrək bu yolla öz mədəniyyətlərini fərqli mədəniyyətlərin beşiyi olan şəhərimizdə təbliğ edirlər.
Mərasimə ölkəmizdə yaşayan, işləyən, qonaq gələn şotlandlar, həmçinin paytaxt sakinləri və turistlər qatılmışlar.